“Dəyirmi masa” təşkil olunmuşdur.
Fövqəladə Hallar Nazirliyinin Şimal-qərb Regional Mərkəzinin və FHN Regional mərkəzlərlə işin təşkili, layihələrin idarə edilməsi və təhsil məsələləri üzrə Baş İdarəsinin birgə təşkilatçılığı ilə “Şimal-qərb Regional Mərkəzinin əhatə etdiyi rayonların icra hakimiyyəti strukturları, özünüidarəetmə orqanları və fövqəladə hallar komissiyaları arasında fövqəladə hallar sahəsində birgə fəaliyyətin gücləndirilməsi və koordinasiyasının qurulması” mövzusunda “dəyirmi masa” keçirilmişdir. Tədbirdə Qəbələ Rayon İcra Hakimiyyəti başçısının müavini, Fövqəladə Hallar Nazirliyinin regionda fəaliyyət göstərən yerli qurumlarının, rayon ərazisində fəaliyyət göstərən müvafiq idarə və müəssisələrin rəhbərləri, kənd və qəsəbə inzibati ərazi nümayəndələri, yerli özünüidarəetmə orqanlarının nümayəndələri iştirak etmişlərr. Tədbirdə Şimal-qərb Regional Mərkəzi ilə Qəbələ rayonunda fəaliyyət göstərən idarə və müəssisələr arasında razılaşdırılmış qarşılıqlı fəaliyyət planlarının geniş təhlili aparılmışdır. Həmçinin, təbii, texnogen xarakterli fövqəladə hadisələr zamanı davranış qaydaları, fərdi mühafizə, yanğınsöndürmə avadanlıqlarından istifadə etmə, yanğın, texniki təhlükəsizlik qaydalarının tələblərinə düzgün riayət olunmasına nəzarətin gücləndirilməsinin vacibliyi iştirakçıların nəzərinə çatdırılmışdır. Sonda rayon idarə və müəssisə rəhbərlərinin, yerli icra və özünüidarəetmə orqanlarının nümayəndələrinin təklifləri dinlənilmişdir.