Bağlarda məhsul yığımı başa çatmışdır.
Bağçılıq Qəbələ rayonunun iqtisadiyyatında əsas yerlərdən birini tutmaqla, kənd əhalisinin əsas məşğuliyyət sahəsi hesab olunur. Bu il bol məhsul yetişdirilən meyvə bağlarında qoz, fındıq və şabalıd yığımı başa çatmışdır. Mövcud 3210 hektar fındıq bağından 6300 ton məhsul əldə edilmişdir ki, bu da ötən illə müqayisədə 150 ton çoxdur. İstehsalçılar məhsulu yerli bazarlara çıxarmaqla yanaşı, sərfəli qiymətə fındıq qəbulu məntəqələrinə də satırlar. Rayonda fındıq emalı zavodu və kiçik fındıq emalı müəssisələri fəaliyyət göstərdiyindən kəndlilər ildən-ilə fındıq bağlarını genişləndirir, məhsuldarlığı artırmaq üçün səylə çalışırlar. Cari ildə 45 hektar sahədə yeni fındıq bağları salınmışdır. Bu ötən ildəkindən 17 hektar çoxdur. Həmçinin fermerlər cari ildə 386 hektar şabalıd bağından 410 ton, 156 hektar qoz bağından isə 370 ton məhsul əldə etmişlər. Meyvə istehsalçıları tərəfindən rayonda bu il 20 hektar sahədə şabalıd, 32 hektar sahədə isə yeni qoz bağları salınmışdır.