Qəbələ məktəbliləri heyran edib.
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin tapşırığı ilə respublikamızın ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri üçün təşkil edilən növbəti tur-aksiya çərçivəsində Abşeron, Qusar, Quba, Sumqayıt, Xaçmaz, Siyəzən, Şabran və Xızıdan olan məktəblilər noyabrın 16-da Qəbələ rayonuna səfər ediblər. İsmayıllı-Qəbələ-Şəki marşrutu üzrə keçirilən tur-aksiyada iştirak edən məktəblilər Qəbələnin tarixi abidələri, turizm obyektləri, mənzərəli guşələri, adət-ənənələri, eləcə də son illər inşa edilən istehsal müəssisələri və sosial obyektləri ilə tanış olublar. Səkkiz rayonu təmsil edən 320 nəfər məktəblinin Qəbələ ilə ilk tanışlığı “Tufandağ” Qış-Yay Turizm İstirahət Kompleksindən başlayıb. Bölgənin ən çox turist qəbul edən bu obyekti ilə tanışlıq zamanı şagirdlərə kompleksin tikintisinin birinci mərhələsi çərçivəsində dörd kanat xəttinin inşa olunduğu, 10 xizək yolundan 5-də tikinti işlərinin başa çatdığı, turistlərin istirahətinin təşkili üçün hər cür şəraiti olan restoranların açıldığı, bütün dağ-xizək trasının süni qaryağdıran generasiya sistemi ilə təchiz edildiyi və gün ərzində kompleksdə 3 min nəfərə xidmət göstərilməsinin mümkünlüyü barədə məlumat verilib. Sonra şagirdlər rayon tarix-diyarşünaslıq muzeyində 900 il Qafqaz Albaniyasının paytaxtı olmuş qədim Qəbələ şəhərinin tarixi, mədəniyyəti və etnoqrafiyası haqqında məlumat əldə ediblər. Onlara bildirilib ki, muzeyin əsas fondunda Qəbələnin 2500 illik tarixini əks etdirən 12 mindən çox tarixi və elmi əhəmiyyətə malik eksponat mühafizə olunur. Heydər Əliyev Mərkəzini ziyarət edən məktəblilər burada Ulu Öndərin həyatını və siyasi fəaliyyətini əks etdirən fotoşəkillər və sənədlərlə tanış olublar. “Beltmann” piano fabrikində istehsal prosesi ilə yaxından tanış olan tur-aksiyanın iştirakçılarının diqqətinə çatdırılıb ki, müəssisədə dünyada məşhur olan “Beltmann” markalı pianolar istehsal olunur. Heydər Əliyev adına Konqres Mərkəzi ilə tanışlıq zamanı məlumat verilib ki, 1200 yerlik mərkəz üç mərtəbədən ibarətdir. Birinci mərtəbədə zallar, 350 yerlik restoran və inzibati otaqlar yerləşir. Çoxfunksiyalı konfrans zalı isə ikinci mərtəbədədir. Konfrans zalı qısa müddətə başqa məqsədlər - konsert, iclas üçün kresloların aşağı enməsi ilə müstəvi halına keçə bilir. Daha sonra Nic qəsəbəsinə səfər edən şagirdlər buradakı “Cotari” Alban kilsəsinə böyük maraqla baxıblar. Məlumat verilib ki, kilsə tarixi baxımdan ən qədim və əhəmiyyətli abidələrdən biridir. Nic qəsəbəsi tolerantlığın kiçik bir modeli hesab edilir. Həmçinin şagirdlər Çuxur Qəbələ kəndində qədim Qəbələ şəhərinin xarabalıqları və ərazidə aparılan arxeoloji qazıntıların nəticələri ilə tanış olublar. Şagirdlər Qəbələyə səfərlərinin sonunda beşulduzlu “Qafqaz Riverside”, “Qafqaz Yeddi gözəl” otelləri, “Qəbələnd” İstirahət və Əyləncə Mərkəzi, rayonda yaradılan müasir turizm infrastrukturu, bölgənin füsunkar təbiəti, eləcə də Nohur gölü ilə tanış olub, istirahət edib, əylənib və xatirə şəkilləri çəkdiriblər. Sonda məktəblilər səfər zamanı qədim və müasir Qəbələ şəhərini heyranlıqla seyr etdiklərini bildirib, xoş təəssüratlarla Şəki şəhərinə yola düşüblər.