Qəbələ məktəbliləri Azərbaycanın şimal qapısı Qusarda
Noyabrın 17-də Qəbələ məktəblilərinin də qatıldığı səkkiz rayonun məktəblilərindən ibarət 300-ə yaxın şagird “Ölkəmizi tanıyaq” devizi ilə təşkil olunan maarifləndirici tur-aksiya çərçivəsində Qusar rayonunun görməli yerləri ilə tanış olublar. Məktəblilərimiz günün birinci yarısında Qusar rayonundakı “Şahdağ” Turizm Mərkəzində olublar. Onlara burada yaradılan şərait, istirahət və əyləncə növləri haqqında məlumat verilib. Bildirilib ki, “Şahdağ” Turizm Mərkəzinin təməli 2009-cu ilin sentyabrında Prezident İlham Əliyevin iştirakı ilə qoyulub. Bu mərkəz ölkəmizdə dağ xizək və digər qış idman növləri ilə məşğul olmaq üçün geniş imkanlar yaratmaqla yanaşı, respublikamıza xarici turistlərin marağını da artırır. Bundan sonra məktəblilər Qusarın Həzrə kəndindəki “Şeyx Cüneyd” türbəsini ziyarət ediblər. Onların diqqətinə çatdırılıb ki, bu türbə XVI əsrdə Azərbaycanda tikilən və Səfəvilərin yadigarı olan abidələrdən biridir. Şeyx Cüneyd XV əsrdə Şirvana hərbi yürüşü zamanı Şirvanşahlar tərəfindən öldürülüb və Həzrə kəndində dəfn edilib. Məzar üzərində türbənin 1544-cü ildə tikildiyi yazılmışdır. Tur-aksiyanın iştirakçıları Qusar şəhərindəki Heydər Əliyev Mərkəzində ulu öndərin zəngin irsini və fəaliyyətini əks etdirən fotoşəkillərə baxıblar. Onlara ümummilli liderin Azərbaycanın dinamik inkişafı, müstəqilliyimizin qorunması və möhkəmləndirilməsi naminə gördüyü əvəzsiz işlər haqqında məlumat verilib. Məktəblilər Qusar Tarix-Diyarşünaslıq Muzeyi və rəsm qalereyası ilə də yaxından tanış olublar. Şagirdlər dəniz səviyyəsindən 689 metr yüksəklikdə yerləşən Bayraq Meydanından Qusar şəhərini seyr ediblər. Noyabrın 18-də onlar Quba rayonuna gəlmişlər.