Məktəblilərimiz Quba soyqırımı məzarlığını ziyarət etmişlər.
Noyabrın 18-də “Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyası çərçivəsində Qəbələ məktəbliləri Quba rayonunun görməli yerləri ilə tanış olublar. Qubaya ekskursiya dağ yəhudilərinin yığcam yaşadıqları Qırmızı qəsəbədən başlamışdır. Şagirdlər qəsəbədə salınan Heydər Əliyev parkını gəzmiş, eləcə də dağ yəhudilərinin ibadət etdikləri sinaqoqla yaxından tanış olmuşlar. Qırmızı qəsəbədən sonra tur-aksiya iştirakçıları Cümə məscidinə gəlmişlər. Məktəblilərin diqqətinə çatdırılmışdır ki, zəngin memarlıq üslubuna malik məscidin tikintisinə 1802-ci ildə başlanılmış, inşaat işləri müəyyən fasilələrlə 10 ilə başa çatdırılmışdır. Bildirilmişdir ki, məscid təkcə Qubada deyil, bütün şimal-şərqi Azərbaycanda ən qədim dini mərkəzlərdən biridir. Sonra məktəblilər şəhərdə fəaliyyət göstərən “Qədim Quba” xalçaçılıq müəssisəsində xalça toxunması prosesini izləmişlər. Burada onlara Quba xalçaçılıq məktəbi haqqında ətraflı məlumat verilmişdir. Quba Soyqırımı Memorial Kompleksini və ərazidəki kütləvi məzarlığı ziyarət edən zamanı tur-aksiyanın iştirakçıları ermənilərin törətdikləri soyqırımı haqqında ətraflı məlumatlandırılmışlar. Onlara kompleksin Heydər Əliyev Fondunun dəstəyi ilə yaradıldığı və 2013-cü il sentyabrın 18-də açılışı olduğu bildirilmişdir. Kompleksdə XX əsrin əvvəllərində Quba şəhərinin müxtəlif ərazilərini, o zaman burada aparılan tikinti-quruculuq işlərini, əhalinin həyat tərzini əks etdirən fotolara baxış keçirilmişdir. Sensor ekranlı monitordakı xüsusi xəritədə ermənilərin ötən əsrdə xalqımıza qarşı respublikamızın müxtəlif bölgələrində həyata keçirdikləri soyqırımı aktları barədə şagirdlərə məlumat verilmişdir. Soyqırımı məzarlığının 2007-ci il aprelin 1-də ərazidə torpaq işləri görülərkən aşkar edildiyi və bundan sonra kütləvi məzarlıqda Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları tərəfindən geniş tədqiqat işləri aparıldığı diqqətə çatdırılmışdır. Günün ikinci yarısında məktəblilər Xınalıq yolu üzərində yerləşən dağ şəlaləsinə ekskursiya etmişlər. Tur-aksiya iştirakçıları, həmçinin “Rixos Quba Azerbaijan” otel kompleksi və burada yerləşən Azərbaycan Milli Qolf Klubu ilə yaxından tanış olmuşlar. Məktəblilərimiz noyabrın 19-da Xaçmaz rayonunun görməli yerlərinə səfər edəcəklər.