Seminar keçirilmişdir.
Hökumətlərarası razılaşmaya əsasən Almaniya Federativ Respublikasının Əməkdaşlıq və İnkişaf Nazirliyinin sifarişi ilə Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti 2014-cü ildən Cənubi Qafqazda Özəl Sektorun İnkişaf Proqramının ikinci mərhələsini həyata keçirir.
Layihənin ötən dövründə proqrama uyğun olaraq “Peşə təhsili və məşğulluğun təşviqi” komponenti çərçivəsində ölkənin bir sira şəhər və rayonlarında, o cümlədən Qəbələdə peşə təhsili və məşğulluğun təşviqi, eyni zamanda ictimai-özəl əməkdaşlığın gücləndirilməsi istiqamətində müzakirələr aparılmışdır. Bu əməkdaşlığın davamlılığının təminatı üçün Qəbələ Turizm və Otelçilik üzrə Peşə Tədris Mərkəzində “Məşğulluq və peşə təhsili sahəsində sosial tərəfdaşlığın gücləndirilməsi” mövzusunda seminar keçirilmişdir.
İkigünlük seminarın iştirakçılarına təşkilatçılar tərəfindən Azərbaycan Respublikasında məşğulluq və peşə məktəbi sahəsində dövlət siyasəti, sosial tərəfdaşlıq və sosial dialoq anlayışı, məşğulluq və peşə təhsili sahəsində dövlət-özəl əməkdaşlığı, məşğulluğa kömək göstərən əlaqələndirmə komitələrinin vəzifə və səlahiyyətləri və digər mövzularda mühazirələr oxunmuşdur.