Məktəblilərimizin şimal bölgəsi ilə tanışlığı muzeylər və parklar şəhəri Xaçmazda başa çatmışdır.
Xəbər verdiyimiz kimi noyabrın 19-da “Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyası çərçivəsində Qəbələ məktəbliləri Xaçmaz rayonuna ekskursiya etmişlər. Şagirdlər Xaçmaz rayonu ilə tanışlığa ümummilli lider Heydər Əliyevin şəhərin mərkəzində ucaldılan abidəsini ziyarət etməklə başlamışlar. Sonra Heydər Əliyev Mərkəzində olan məktəblilərə ulu öndərin zəngin həyatı, ölkəmizin inkişafı naminə gördüyü əvəzsiz işlər barədə ətraflı məlumat verilmişdir. Məktəblilər Xaçmaz şəhərində açıq səma altında yaradılan Şəxsiyyətlər muzeyində də olmuşlar. Bu gün parklar və muzeylər şəhəri adlandırılan Xaçmazda 8 park, 11 muzey, 11 şəlalə, 100–dən yuxarı fəvvarə və 104 abidənin mövcud olduğu onlara bildirilmişdir. Sonra tur-aksiyanın iştirakçıları 2013-cü ildə Prezident İlham Əliyevin iştirakı ilə istifadəyə verilən Xaçmaz Tarix-Diyarşünaslıq Muzeyini ziyarət etmiş, dövlət rəsm qalereyası, xalça muzeyi və bayraq meydanı kompleksi ilə də tanış olmuşlar. Xaçmazla tanışlıqdan sonra məktəblilər şimal bölgəsinə ekskursiyalarını yekunlaşdıraraq doğma Qəbələyə yola salınmışlar.