Qəbələ idmançısı “Glory World Series” turnirində çıxış edəcək.
Azərbaycanı və “Qəbələ” idman klubunu beynəlxalq arenada təmsil edən Pərviz Abdullayev ölkə kikboksinq tariximizdə ilk dəfə bu idman növü üzrə mötəbər turnirdə - “Glory World Series”də çıxış edəcək.
Dekabrın 4-də Hollandiyada keçiriləcək döyüşlə bağlı mətbuat konfransı keçirilib. Konfransı giriş nitqi ilə açan “Qəbələ”nin digər idman növləri üzrə koordinatoru Səbuhi Qarayev klubun təkcə futbola deyil, başqa idman növlərinə də diqqət ayırdığını vurğulayıb. Natiq, həmçinin Pərviz Abdullayevi gözləyən sınaq barədə qısa məlumat verib.
Azərbaycan təmsilçisi də öz növbəsində qarşıdakı turnir və hədəfləri barədə konfrans iştirakçılarını məlumatlandırıb. Noyabrın 25-də səfərə yollanacaq idmançı bildirib ki, gələcəkdə “Glory World Series”in Azərbaycanda keçirilməsi istisna deyil.
Qeyd edək ki, “Kobra” ləqəbli Pərviz Abdullayev indiyədək 44 peşəkar döyüş keçirərək, onlardan 40-da qalib gəlib. Onun rəqibi mərakeşli Aziz Kallah isə peşəkar rinqdə 13 döyüş keçirib.