“Qəbələ” komandası Avroliqada xal qazanıb.
Futbol üzrə UEFA Avropa Liqasının qrup mərhələsinin beşinci turu çərçivəsində Azərbaycanı təmsil edən “Qəbələ” komandası Yunanıstanın “PAOK” klubunun qonağı olub. Saloniki şəhərindəki “Tumba” stadionunda Danimarkalı baş hakim Yakob Kehletin idarə etdiyi və qarşılıqlı hücumlar şəraitində keçən matçın birinci hissəsində hər iki komandanın hesabı açmaq üçün imkanları olsa da, birinci hissədə qapılara qol vurulmayıb. Birinci hissədə oyunda ən təhlükəli vəziyyəti “Qəbələ”nin heyətində Aleksey Antonov yaradıb. Onun 13-cü dəqiqədə uzaqdan zərbəsini “PAOK”un qapıçısı çətinliklə də olsa dəf edib. İkinci hissədə daha sürətli oyun sərgiləyən komandalar qapılar qarşısında bir–birinin ardınca təhlükəli vəziyyətlər yaradıblar. Görüşün sonlarında qəbələlilərin heyətində Sergey Zenyovun, Ermin Zetsin və sonradan oyuna daxil olan Vaqif Cavadovun bir neçə epizodda hesabı açmaq cəhdlərinin qarşısını rəqib komandanın qapıçısı alıb. Beləliklə, Avroliqanın qrup mərhələsinin beçinci turunda Yunanıstan komandası “PAOK”la səfər qarşılaşmasında 0:0 hesablı bərabərliyə nail olan komandamız xallarının sayını 2-yə çatdırıb.