Qəbələdə taekvondo üzrə açıq turnir keçirilmişdir.
Rayon gənclər və idman idarəsi “Qəbələ” Taekvondo Bölməsi ilə birlikdə yeniyetmə və gənclər arasında ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr edilmiş taekvondo idman növü üzrə Açıq Turnir keçirmişdir. Dekabrın 5-dən 6-dək “Qafqaz” Sport Otelin idman zalında təşkil edilən turnirdə Qəbələ, Bakı, Sumqayıt, Ağdaş, Şamaxı, Kəlbəcər, Cəbrayıl və Ağsu rayonlarından olan 10 komanda üzrə 160 idmançı iştirak etmişdir. Yarışın keçirilməsində əsas məqsəd ümummilli lider Heydər Əliyevin Azərbaycanın müstəqilliyi və inkişafı yolunda misilsiz xidmətlərini, idman sahəsində apardığı islahatları gənc nəslə çatdırmaq, həmçinin taekvondo idman növünün respublikada inkişaf etdirmək, yeniyetmə idmançılarda yarış təcrübəsini və ustalığı artırmaq, taekvondo üzrə yığma komandanın tərkibini müəyyənləşdirməkdən ibarətdir. Turnirin açılış mərasimində ümummilli lider Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Sonra rayon gənclər və idman idarəsinin rəisi Fəxri Soltanov və “Qəbələ” Taekvondo bölməsinin baş məşqçisi Xəyal Əzizov çıxış edərək respublikada idmana və idmançılara göstərilən dövlət qayğısından danışmış, idmançılara uğurlar arzulamışlar. Mövcud beynəlxalq qaydalara əsasən keçirilən yarışda yeniyetmə oğlan və qızlar gərgin mübarizə aparmışlar. Taekvondo üzrə Qəbələ Açıq Turnirinin yekununda I, II, III yerləri tutmuş və hər çəki üzrə qalib gəlmiş idmançılara diplomlar təqdim edilmişdir.