Xalqla əlaqənin yeni forması
Xalqla əlaqənin yeni forması
Araşdırmalar göstərdi ki, bir sıra İH-lərin internet səhifəsi illərlə yenilənmir, bəziləri isə heç minimal informasiya mənbəyi də deyil
Azərbaycanın dövlət strukturlarında artıq "Elektron hökumət"in tətbiqi prosesi geniş miqyasda həyata keçirilir. Bu barədə ilk dövlət proqramı hələ 2005-2008-ci illəri əhatə edib ki, həmin dövrün də əsas istiqaməti e-hökumətə hazırlıq olub. Bunun məntiqi davamı olaraq Prezident İlham Əliyev 2010-cu il 11 avqust tarixində "Azərbaycanda rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2010-2012-ci illər üçün Dövlət Proqramının (Elektron Azərbaycan)" təsdiq edilməsi haqqında sərəncam da imzalayıb. Sərəncamda dövlət idarəçiliyinin bütün səviyyələrində İKT həllərinin tətbiqi, dövlət informasiya sistemləri və resurslarının formalaşdırılması və inkişaf etdirilməsi, dövlət orqanlarının göstərdiyi xidmətlərin operativliyinin və keyfiyyətinin, habelə dövlət idarəetmə mexanizmlərinin səmərəliyinin artırılması üçün "E-hökumət" həllərinin geniş tətbiqi, "bir pəncərə" prinsipi əsasında elektron xidmətlərin təşkili və s. nəzərdə tutulub.
Bunlara rəğmən, artıq dövlət qurumlarında, idarə və müəssisələrdə elektron xidmətlərin tətbiqinə başlanılıb və dövlətimiz "elektron hökümət"ə keçid dövrünü yaşayır. Bəs, "elektron hökumət" nədir?
Əvvəla, deyək ki, "elektron hökumət" və ya "e-hökumət" hər hansı bir ölkənin strukturlarının hamısı haqqında məlumatların hər bir vətəndaş üçün açıq olan şəbəkədə yerləşdirilməsi deməkdir. Yəni, hər bir vətəndaş hər hansı bir nazirlik və komitədən tutmuş mənzil-təsərrüfat idarəsi ilə məktəbə qədər olan idarənin mövcud durumu, bu qurumlara müraciət etmənin qaydalarını istənilən vaxt əldə edə və bu təşkilatlara elə elektron rabitə vasitəsilə müraciət edə bilər. Hazırda dünyanın inkişaf etmiş ölkələrində "elektron hökumət" fəaliyyət göstərir. Azərbaycanda da yaxın gələcəkdə bütün dövlət xidmətlərinin elektronlaşdırılması qaçılmazdır. Bu sistemin tərkib hissələrindən biri də budur ki, getdikcə bütün sənədləşmə işləri kağız üzərində deyil, məhz internetdə öz həllini tapacaq.
Təsadüfi deyil ki, cari ilin fevral ayının 5-i Prezident İlham Əliyev "Elektron hökumət" portalı haqqında Əsasnamə"nin təsdiq edilməsi və elektron xidmətlərin genişləndirilməsi ilə bağlı tədbirlər barədə fərman imzalayıb. Fərmana uyğun olaraq "Elektron hökumət" portalı haqqında Əsasnamə" təsdiq edilib. Nazirlər Kabinetinə iki ay müddətində Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin razılaşdırılmış təkliflərini nəzərə alaraq "2013-2015-ci illərdə dövlət orqanlarında elektron xidmətlərin genişləndirilməsi və "elektron hökumət"in inkişafına dair Dövlət Proqramı"nın layihəsini, dövlət informasiya sistemlərinin və ehtiyatlarının yaradılmasının və idarə edilməsinin tənzimlənməsi barədə təkliflərini hazırlayıb dövlət başçısına təqdim etmək, bu fərmandan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.
Elə qurumlar var ki, ümumiyyətlə, elektron xidmət göstərmir
Bu barədə Prezident İlham Əliyevin ötən il aprelin 16-da Nazirlər Kabinetinin iclasında "elektron hökumət"in qurulması sahəsində aparılan işlərin vəziyyətinə münasibəti də maraqlıdır. Dövlət başçısı elektron xidmətlərin geniş şəkildə tətbiq edilməsinin korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizədə çox böyük amil olduğunu deyib, ölkədə elektron quruculuğu sahəsində vəziyyətin ürəkaçan olmadığını vurğulayıb: "Elə qurumlar, nazirliklər var ki, tam şəkildə elektron xidmətləri göstərirlər. Məndəki siyahıda elə qurumlar var ki, elektron xidmətləri qismən göstərir. Elə qurumlar da var ki, ümumiyyətlə, elektron xidmət göstərmir. Mən o qurumların adlarını hələ ki, çəkmək istəmirəm, iki həftə vaxt verirəm, hər bir dövlət qurumunda elektron xidmət yaradılmalıdır".
Beləcə, bəzi dövlət qurumları öz elektron xidmətlərini tətbiq etməyə başladı. Onların sırasında icra hakimiyyətlərini (İH) də göstərmək olar. Yəni, Azərbaycanın bütün şəhər və rayonlarının rəsmi internet səhifələrində artıq "Elektron xidmətlər" bölməsi yaradılıb. Lakin həmin bölmə heç bir rayonun səhifəsində aktiv deyil. Bunu Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Sənədlərlə və Vətəndaşların Müraciətləri ilə İş Şöbəsinin müdiri Süleyman İsmayılov da təsdiqləyir. Onun "Azərbaycan" qəzetində dərc olunan "Ölkə prezidentinin insan amilinə söykənən inkişaf strategiyası və vətəndaşların müraciətinə baxılması" adlı məqaləsində qeyd olunur ki, monitorinqlər saytların əsasən işlək vəziyyətdə olduğunu göstərir. Lakin bir sıra təşkilatlarda vətəndaşlar üçün çox əlverişli olan bu elektron xidmət vasitəsinə lazımi diqqət göstərilmir: "Bəzi təşkilatların saytlarında "Müraciət etmək" xanasının yaradılmasına baxmayaraq, müraciət etmək üçün xüsusi forma hazırlanmayıb və bunun əvəzində ancaq elektron ünvan göstərilib. Elə qurumlar var ki, saytlarında ümumiyyətlə, qəbul cədvəlləri yerləşdirilmir, əvvəlki illərə aid qəbul cədvəlləri qalır".
Mövzunun davamı olaraq elə icra hakimiyyətlərinin rəsmi səhifələrindən danışacağıq. Şəhər və rayonların rəsmi internet səhifələrində (ih.gov.az) apardığımız araşdırmalar göstərdi ki, bəzi RİH-lər nəinki elektron xidmət göstərirlər, heç saytdan rayon, ya şəhər haqda ətraflı məlumat da almaq olmur. Araşdırmamız zamanı o da ortaya çıxdı ki, bəzi bölgələrdə ümumiyyətlə, rəsmi "e-mail" ünvanına (elektron ünvan) nəzarət olunmur.
BŞİH-nin rəsmi saytı fəaliyyətsizdir
Öncə deyək ki, icra hakimiyyətlərinin rəsmi internet səhifələrində apardığımız yoxlamalar əksər rayon və şəhərləri əhatə edir. İH-nin rəsmi internet saytlarında ilk yoxlamamızı Bakı şəhəri üzrə apardıq. Bakı Şəhər İcra Hakimiyyətini (BŞİH) çıxmaqla, digər rayonların internet aktivliyini normal hesab etmək olar. Odur ki, BŞİH-nin rəsmi internet səhifəsinə (www.baku-ih.gov.az) nəzər salaq. Səhifənin "Təhsil" bölməsində ancaq ali məktəblər haqqında məlumat var, digər təhsil ocaqları barədə heç bir informasiya yoxdur. "Səhiyyə" bölməsi qənaətbəxş olsa da, "İdman", "Bələdiyyələr", "Şura", "E-xidmətlər", "İnfrastruktur- Poçt, Rabitə və Banklar" bölmələri boşdur, yəni, heç bir məlumat yerləşdirilməyib. Bundan əlavə, rəsmi internet səhifəsi fəaliyyətə başlayandan bəri cəmi 5 xəbər yerləşdirilib ki, onların biri 2011-ci, dördü isə 2012-ci ili əhatə edir. Bu isə o deməkdir ki, sayt demək olar ki, fəaliyyətsizdir.
Bakı şəhərinin digər rayonlarının - Yasamal, Nəsimi, Xəzər, Sabunçu, Suraxanı, Xətai, Nizami, Qaradağ rayon icra hakimiyyətlərinin internet səhifələrinin fəaliyyətini normal qiymətləndirmək olar. Bakı rayonlarının içərisində daha çox diqqət çəkən Nərimanov, Səbael və Binəqədi RİH-dir ki, onların rəsmi səhifəsindən rayon haqqında bütün sahələr üzrə müfəssəl məlumatı almaq mümkündür. Saytda yer alan xəbərlər isə hər gün yenilənir.
İcra hakimiyyətlərinin rəsmi internet səhifələrindəki boşluqlar
Bölgələrə gəldikdə isə Qəbələ, Zərdab, Ağdam, Lənkəran, Şəki, Saatlı, Ağcabədi və Astara RİH-lərinin internet səhifələrini müsbət qiymətləndirmək olar. Yəni, istər rayon haqqında, istərsə də bölgədə baş verən hadisələr barədə rəsmi internet səhifələrindən operativ məlumat almaq mümkündür. İnternet səhifələrinin bugünkü tələblərə cavab vermədiyi rayonlara isə Xızı, Ucar, Şabran, Qobustan, Oğuz, Kəlbəcər, Ağstafa, Ağsu, Beyləqan, Cəbrayıl, Gədəbəy, Goranboy, Xocalı və Göygölü göstərmək olar. Məsələn, Xızı rayonunun səhifəsində "Xəbər" bölməsində cəmi 10 xəbər yer alıb, sonuncu xəbər 10.05.2012 tarixini əks etdirir. Xocalı və Şabran RİH-lərinin səhifəsində cəmi 5, Qobustanda isə cəmi 4 xəbər yerləşdirilib. Bunlar da 2010-2011-ci illəri əhatə edir.
Oğuzun səhifəsində də 2011-2012-ci illəri əks etdirən cəmi 10 xəbər yer alıb. Ağsu və Gədəbəydə də həmçinin, "Xəbər" bölməsində cəmi 5 xəbər qoyulub. Abşeron RİH-nin səhifəsində sonuncu xəbər 14.06.2012, Ağsu RİH-də isə 29.10.2011 tarixdə qoyulub. Gədəbəyin səhifəsindəki beş xəbərin hamısı isə 2011-ci ilin sentyabr-oktyabr aylarını əhatə edir. Cəmi 6 xəbərlə Goranboy da bu sıraya daxildir, rayon haqqında məlumatlar isə qısa və ümumidir. Beyləqanın səhifəsində də 2013-cü ili əks etdirən heç bir xəbər yoxdur. Göygöl RİH-nin səhifəsində yer alan cəmi 9 xəbər isə 2008-2012-ci illəri əhatə edir. 2011 və 2013-cü illəri əks etdirən heç bir xəbər yoxdur. Lerikdə isə xəbərlər bir neçə gündən bir yenilənsə də, səhifənin bölmələr üzrə məlumatları ümumidir. Yəni, vətəndaşa lazım olan informasiyanı almaq üçün yetərli deyil.
RİH-lərin rəsmi internet səhifələrində apardığımız araşdırmalar zamanı daha çox nəzərə çarpan məqamlardan biri də səhifələrdə yer alan və vacib olan "Bələdiyyələr" bölməsinin boş olmasıdır. Bu sırada qərar tutan rayonlar isə Beyləqan, Cəbrayıl, Xaçmaz, Bakı, Xocalı, Ucar, Tərtər, Şuşa və Lerikdir. Bir sıra bölgələrin səhifələrində isə digər bölmələr - təhsil, mədəniyyət, idman, infrastruktur və s. boşdur. Lerik və Oğuzda "Poçt, rabitə və banklar", Masallıda "İdman", Şuşada "İnfrastruktur" və "Fəaliyyət", Ucar və Xızıda "Banklar", Zəngilan və Yevlaxda "Poçt və rabitə", Ağsuda isə "Əhali" bölmələrində heç bir məlumat yerləşdirilməyib.
Yuxarıda adları çəkilməyən rayonların internet səhifələrini isə qənaətbəxş hesab etmək olar. Amma bu rayonların rəsmi səhifələrində məlumat xarakterli bölmələr müsbət qiymətləndirilsə də, xəbər yenilənməsi barədə müsbət fikri hamısına aid etmək olmur. Çünki elə rayonlar var ki, sayta bəzən günə 3-4 xəbər qoyurlar, elələri də var ki, 1-2 gündən bir xəbəri yeniləyirlər.
Məktubumuza kimlər cavab verdi
RİH-lərin internet səhifələri üzərində araşdırmamız bunlarla bitmir. Belə ki, 2 həftə əvvəl hər bir RİH-nin rəsmi e-mail ünvanına elektron məktub göndərdik. Məqsədimiz RİH-lərin vətəndaşların e-mail üzərindən elektron müraciətinə hansı tezliklə cavab vermələrini aydınlaşdırmaq idi. Beləcə, düz 54 bölgəyə e-mail vasitəsilə məktub ünvanladıq. Məktubumuza 36 rayondan cavab gəlsə də, 18-dən səs-soraq çıxmadı. Qeyd edək ki, bu sorğuya yalnız bölgələri cəlb etmişik. Odur ki, gəlin məktubumuzu dərhal, yəni, məktub göndərildikdən bir neçə dəqiqə, yaxud saat sonra cavablayan RİH-ləri sadalayaq. Bu sırada Qəbələ, Sabirabad, Ağdam, Qubadlı, Hacıqabul, Ağcabədi, Füzuli, Qusar, Kürdəmir, Daşkəsən, Şəki, Şamaxı, Qobustan, Zəngilan, Qazax, Gədəbəy, Goranboy, Naftalan, Quba, Laçın, Siyəzən, Zərdab, Mingəçevir və Ağdaşı göstərmək olar.
Ünvanladığımız məktubu bir gün sonra isə Samux, Xocavənd, İsmayıllı, Xızı, Salyan, Cəbrayıl və Abşeron RİH-ləri cavabladı. İki gün sonra Neftçala, üç gün sonra Saatlı və Göyçay, dörd gün sonra Ağstafa, yeddi gün sonra isə Yevlaxdan cavab gəldi. Yerdə qalan digər 18 RİH-dən isə heç bir cavab almadıq. Bunlara Bakı, Ağsu, Bərdə, Şirvan, Beyləqan, Tərtər, Şəmkir, Tovuz, Xaçmaz, Şabran, Oğuz, Zaqatala, Qax, Balakən, Yardımlı, Xocalı və Kəlbəcər rayonları daxildir. Buradan belə çıxır ki, həmin RİH-lər öz e-mail ünvanlarına yetəri qədər nəzarət etmirlər.
Demək, bölgələrdə "Elektron hökumət"in tam tətbiqini söyləmək hələ tezdir. Amma tələsmək lazımdır!
Elgün MƏNSİMOV,
"Azərbaycan"