Qəbələ IV Beynəlxalq İncəsənət Sərgisinin açılış mərasimi olmuşdur.
Dekabrın 19-da Qəbələdə Beynəlxalq İncəsənət Sərgisi açılmışdır. Azərbaycan Mədəniyyəti Fondunun və SEBA (Seul-Bakı) Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyasının birgə təşkilatçılığı ilə 19 ölkənin- Azərbaycan, Almaniya, Belarus, Çexiya, Estoniya, Gürcüstan, Koreya, Qazaxıstan, Latviya, Pakistan, Rusiya, Slovakiya, Türkiyə, Ukrayna, Yaponiya, Yunanıstan, Meksika, Monteneqro və Özbəkistanın 112 rəssamının ən yaxşı əsərləri əsasında təşkil olunan sərgi sənətsevərlər tərəfindən böyük maraqla qarşılanmışdır. Məşhur fırça ustalarının qatıldığı ”İdman! Gözəllik! Həyat!” adlı Qəbələ IV Beynəlxalq İncəsənət Sərgisi öz işinə “Azərbaycan dövlətçiliyi və mədəniyyət” adlı sənədli filmin nümayişi ilə başlamışdır. Mərasimi açan SEBA (Seul-Bakı) Azərbaycan Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyasının sədri Ruhəngiz Heydərova tədbirin böyük əhəmiyyət kəsb etdiyini diqqətə çatdırmışdır. O, bu sərginin mədəniyyətimizin genişmiqyaslı təbliği istiqamətində reallaşdırılan layihələrin davamı olduğunu qeyd edərək, tədbirin baş tutmasına yaxından kömək göstərmiş Heydər Əliyev Fondunun və Azərbaycan Mədəniyyəti Fondunun prezidenti, YUNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevaya minnətdarlığını bildirmişdir. Natiq vurğulamışdır ki, sərgidə iştirak edən rəssam və heykəltəraşların, onların təmsil etdiyi ölkələrin sayının çox olması onu göstərir ki, bu layihəyə maraq ildən-ilə artır. Bu isə öz növbəsində Azərbaycana, incəsənətimizə olan diqqətin daha bir göstəricisi kimi, müxtəlif ölkələr arasında dostluğun və mədəni əlaqələrin möhkəmlənməsinə zəmin yaradır. Tədbirdə Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov Heydər Əliyev Fondunun və Azərbaycan Mədəniyyət Fondunun prezidenti, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın sərgi iştirakçılarına təbrik məktubunu oxumuşdur. Anar Ələkbərov ümummilli lider Heydər Əliyevin Azərbaycan mədəniyyətinə, incəsənətinə verdiyi dəyər, rəssamlıq və heykəltaraşlıq sənətinin inkişafı ilə bağlı gördüyü işlərdən, Prezident İlham Əliyevin və Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın milli mədəni irsimizin qorunub saxlanılması, mədəniyyətimizin, incəsənətimizin, musiqimizin dünyaya tanıdılması sahəsindəki xidmətlərindən danışmışdır. Sonra Azərbaycan Respublikasınin Gənclər və İdman naziri Azad Rəhimov, Azərbaycan Respublikasının Mədəniyyət və Turizm nazirinin müavini Nazim Səmədov, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rektoru, xalq rəssamı Ömər Eldarov, Koreya Respublikasının ölkəmizdəki səfiri Kim Çanq Gyu, Rusiya Federal Məclisi Federasiya Şurasının sədr müavini İlyas Umaxanov çıxış edərək sərginin mədəniyyətlərarası dialoqun tərkib hissələrindən biri olduğunu bildirmiş, bu incəsənət bayramının ənənəvi olaraq keçirilməsini arzulamışlar. Çıxış edənlər rəngarəng sənət əsərlərinin nümayiş olunduğu bu sərginin qonaqların yaddaşında daim qalacağına, Qəbələnin gözəl və füsunkar təbiətinin rəssamlar üçün ilham mənbəyi olacağına ümid etdiklərini bildirmişlər. Çıxışlardan sonra sərginin açılış rəmzini bildirən qırmızı lent kəsilmiş və sənət əsərlərinə baxış keçirilmişdir. Sərginin tərtibatı, nümayiş olunan rəsm əsərləri tədbir iştirakçılarında xoş təəssürat yaratmış, əsərləri nümayiş etdirilən rəssamlara sertifikatlar verilmişdir. Tədbirdə fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov, Milli Məclisin sədr müavini Bahar Muradova, Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov, Respublika Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı Fəttah Heydərov, Azərbaycanın, Rusiyanın və SSRİ-nin xalq rəssamı Tahir Salahov, dövlət və hökumət nümayəndələri, mədəniyyət və incəsənət xadimləri iştirak etmişlər. Mərasim iştirakçıları arasında dünya şöhrətli aktyor və rejissor Stiven Siqal da olmuşdur. Beynəlxalq sərgi 2016-cı il yanvarın 17-dək davam edəcəkdir.