IV Beynəlxalq İncəsənət Sərgisinin iştirakçıları Qəbələ ilə daha yaxından tanış olmuşlar.
Azərbaycan Mədəniyyəti Fondu (AMF) və SEBA (Seul-Bakı) Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyasının təşlikatçılığı ilə keçirilən Qəbələ Beynəlxalq İncəsənət Sərgisi davam edir. Xatırladaq ki, 19 ölkənin 112 rəssamının qatıldığı sərgiyə gələn qonaqları Qəbələdə qədimliklə-müasirliyin sintezi fonunda aparılan yenidənqurma, tikinti-abadlıq işləri valeh etmiş, rayonumuzun təbiəti və füsunkar gözəlliyi onların təəsüratlarında silinməz izlər buraxmışdır. Tədbir iştirakçıları əvvəlcə Heydər Əliyev Mərkəzini ziyarət edərək, ulu öndərin siyasi fəaliyyətini əks etdirən ekspozisiyaya baxmışlar. Sonra onlar “Beltmann” Piano Fabrikinə gələrək burada musiqi alətlərinin istehsalı texnologiyası ilə yaxından tanış olmuşlar. Rayonun tarixi və turizm infrastrukturu ilə maraqlanan qonaqlar daha sonra Qəbələ Atıcılıq Kompleksinə, Qəbələ Dövlət Tarix-Bədii Qoruğuna, Qəbələ Arxeoloji Mərkəzinə, “Tufandağ” Qış-Yay Turizm İstirahət Kompleksinə gələrək rayonun müasir turizm potensialı ilə tanış olmuş, xatirə şəkilləri çəkdirmişlər.