Nic qəsəbəsində Milad bayramı qeyd edilib.
Yanvarın 7-də dünyanın pravoslav xristianları tərəfindən İsa Peyğəmbərin mövludu günü - Milad bayramı qeyd olunur. Qəbələ rayonunun Nic qəsəbəsində yaşayan udilər də bu günü özünəməxsus şəkildə qeyd edirlər. Dünən qəsəbə sakinləri “Cotari” alban kilsəsində təşkil olunan bayram mərasiminə toplaşmışlar. Tədbirdə Alban-udi icmasının rəhbəri, kilsənin keşişi və icmanın üzvləri çıxış edərək Milad bayramının mahiyyətindən, tolerantlıq diyarı olan Azərbaycanda dini ayinlərin icrası üçün yaradılan şəraitdən, dövlətimizin onlara olan diqqət və qayğısından danışmış, bayram münasibətilə təbriklər səsləndirmişlər. Udilər rayonda onlara qarşı heç bir ayrı-seçkiliyin qoyulmadığını və Nicdəki “Cotari” alban kilsəsinin əsaslı şəkildə bərpasını ölkədə tolerantlıq mühitinə gözəl nümunə olduğunu bildirmişlər. Altı min nəfər əhalisi olan qəsəbədə 3700 nəfər udi yaşayır. Burada 3 kilsə və 2 məscid vardır. Məktəblərin ibtidai siniflərində udi dili tədris olunur, kilsədə dini ayinlər onların ana dilində icra edilir. Bir sözlə, müsəlman və xristianların mehriban şəkildə birgə yaşadığı Nic qəsəbəsi tolerantlığın kiçik modeli hesab edilir. Milad günü ilə əlaqədar kilsədə şamlar yandırılmış, dualar oxunmuş, bayram süfrəsi açılmışdır.