"Qəbələ" bu il ilk matçını Almaniyanın "Osnabryuk" klubu ilə keçirmişdir.
Antalyada təlim-məşq toplanışında olan "Qəbələ" futbol klubu ilk yoxlama oyununu keçirmişdir. Komandamız Almaniyanın üçüncü liqa təmsilçisi "Osnabryuk" klubu ilə qarşılaşmışdır. "Gloria" məşq meydançasında keçirilən görüş komandamızın üstünlüyü şəraitində keçmişdir. Lakin həmyerlilərimiz oyunun birinci hissəsində rəqibin qapısına yol tapa bilməmişlər. Matçda birinci qol qarşılaşmanın 57-ci dəqiqəsinə təsadüf etmişdir. Hücumçumuz Ermin Zets ilk qolu vuraraq hesabı 1:0 etmişdir. Hər iki komanda matçın gedişində çoxsaylı əvəzetmələrdən istifadə etmişdir. Görüşün 83-cü dəqiqəsində Almaniya təmsilçisi David Pisot fərqlənərək hesabı bərabərləşdirmişdir. Bundan sonra qarşılıqlı hücumlarla keçən görüşdə hesab dəyişməmişdir.