8 Noyabr - “Zəfər Günü” ilə əlaqədar ümumrayon tədbiri keçirilib
Qəbələ rayonunda 8 Noyabr - “Zəfər Günü” ilə əlaqədar ümumrayon tədbiri keçirilmişdir. Tədbir iştirakçıları öncə Birinci Qarabağ və Vətən müharibələrində şəhadətə yüksəlmiş şəhidlərin xatirəsinə ucaldılmış Şəhidlər Xiyabanı kompleksini ziyarət edərək, məzarlara və xatirə lövhələrinin qarşısına gül dəstələri düzmüşlər. Qəbələ Rayon İcra Hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların nümayəndələrinin, ziyalıların, ağsaqqalların və rayon ictimaiyyətinin iştirakı ilə keçirilən konfransda ilk olaraq Azərbaycanın Dövlət Himni səslənmiş, Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın işğaldan azad olunması uğrunda şəhadətə yüksəlmiş şəhidlərin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilmişdir. Tədbirdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Səbuhi Abdullayev təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan Ordu quruculuğu strategiyasının bu gün Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev tərəfindən çox böyük uğurla davam etməsindən, onun bir çağırışıyla dəmir yumruq kimi birləşən ordu-xalq birliyinin əzmlə mübarizə aparmasından və qalib gəlməsindən bəhs etmiş, şəhidlərə Allahdan rəhmət, şəhid ailələrinə səbir diləmiş, qazilərə can sağlığı arzulamışdır. YAP Qəbələ Rayon Təşkilatının sədri Abil Ağasəfov çıxış edərək bayram münasibətilə Azərbaycan xalqını təbrik etmiş, Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində böyük Zəfərin əldə olunmasında misilsiz xidmətlər göstərdiyini, xalqımızın qəhrəmanlığının heç zaman unudulmayacağını qeyd etmişdir. Şəhid valideynləri – Elmira Abdurəhmanova, Cəlil Səfərçinov və Azərbaycan Respublikasının Milli Qəhrəmanı Polad Həşimovun həyat yoldaşı Ofelya Salmanova çıxışlarında müharibədə əsgər və zabitlərimizin göstərdiyi qəhrəmanlıqlardan söz açaraq, onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildirmişlər. Sonda şəhər 5 saylı tam orta məktəbin şagirdlərinin “Zəfər Günü”nə həsr olunmuş şeir kompozisiyası dinlənilmişdir.













