Qəbələ rayonunda 2015-ci ilin sosial-iqtisadi inkişafın yekunları və qarşıda duran vəzifələr hesabat yığıncağında müzakirə olunub.
Qəbələ rayonunda 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2016-cı ildə qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilmişdir. İlk öncə tədbir iştirakçıları Heydər Əliyev parkına gələrək Ümummilli liderin abidəsi önünə tər güllər düzmüşlər.
Daha sonra Heydər Əliyev Konqres Mərkəzinin foyesində sosial-iqtisadi inkişafı əks etdirən stendlərin və rayonda istehsal olunan məhsulların sərgisinə baxış keçirilmişdir. Mərkəzin konfrans zalında təşkil olunan hesabat yığıncağını rayon icra hakimiyyətinin başçısı Səbuhi Abdullayev açaraq 2015-ci ildə Qəbələ rayonunda sosial-iqtsadi sahədə görüımüş işlər barədə ətraflı məruzə etmişdir. Diqqətə çatdırılmışdır ki, rayonda 2015-ci il ərzində iqtisadiyyatın ayrı-ayrı sahələri üzrə 203.517 min manatlıq məhsul istehsal edilib, ötən ilin müvafiq dövrünə nisbətən ümumi məhsul buraxılışı sənayedə 0,5 %, kənd təsərrüfatında 5,6 %, tikintidə 40,4 %, nəqliyyatda 7,3 %, ticarətdə 1,97 % artıb. Ümumi məhsul istehsalında və xidmətlərin göstərilməsində özəl sektorunun xüsusi çəkisi 77 % təşkil edib. İl ərzində sənaye müəssisələrində çalışan 976 nəfər işçinin orta aylıq nominal əmək haqqı 376 manat olub. Qeyd edilib ki, hesabat dövründə hərbi xidmətə çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin, rayon məhkəməsi, gömrük akademiyasının, Yeni Azərbaycan Partiyası rayon təşkilatının, “ASAN xidmət”in rayon filialının və kənd təsərrüfatı idarəsinin inzibati binalarında tikinti işləri davam edir. İl ərzində şəhərin İsmət Qayıbov, Seyid Əzim Şirvani və Musabəyov küçələrində yenidənqurma işləri başa çatdırılıb və asfalt örtüyü vurulub. Həmçinin Dəmiraparan çayı üzərində 10 aşırımlı 324 paqonometr uzunluğunda dəmir-beton körpüdə tikinti –quraşdırma işləri başa çatdırılıb. Dəmiraparançay və Durucaçay hövzələrində sahil bərkitmə işləri görülüb. Şəhərin sel sularından qorunması, kənd təsərrüfatının suvarma suyu ilə təminatı məqsədilə 1.115 min kubmetr çay məcrası daş və qumdan təmizlənib, 6326 kubmetr daş beton bənd təmir edilib. 360 yerlik şəhər 5 saylı tam orta məktəb binalarında tikinti başa çatdırılıb, Böyük Pirəli kənd tam orta məktəbi isə əsaslı təmir olunub. Həmçinin hər biri 100 yerlik 2 uşaq bağçasının tikintisi davam etdirilir. Tüntül kəndində 685, Yengicə kəndində 128 evə ilk dəfə təbii qaz verilib.Hesabat yığıncağında çıxış edən Respublika Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı Fəttah Heydərov və millət vəkili Aqiyə Naxçıvanlı Ulu öndər Heydər Əliyevin Azərbaycanda rergionların inkişafına daim böyük önəm verdiyini və bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyini bildiriblər. Respublikanın bu günkü hərtərəfli inkişafından danışaraq qeyd edilib ki, Prezident İlham Əliyevin tapşırıq və tövsiyyələri sayəsində hər yerdə olduğu kimi Qəbələ rayonunda da abadlıq- quruculuq işləri həyata keçirilir. Yollar təmir edilir,yeni təhsi, səhiyyə müəssisələri tikilir, elektrik və qaz təsərrüfatında yenidənqurma işləri aparılır. Bütün bunlar əhalinin maddi-rifah halının gündən-günə yüksəlməsinə, onların sosial vəziyyətinin və məişət şəraitinin yaxşılaşmasına xidmət edir. Yığıncaqda çıxış edən Prezident Adminstrasiyasının nümayəndəsi Rüfət Əliyev 2015-ci ildə görülən işlərdən danışıb. Dövlət başçısının tövsiyə və tapşırıqlarına uyğun olaraq, qarşıda duran vəzifələr təhlil olunub.
Yığıncaqda qarşıda duran vəzifələrin həyata keçirilməsinin təmin olunması üçün müvafiq qərar qəbul edilmiş, yığıncaq iştirakçıları adından Ölkə başçısı cənab İlham Əliyevə müraciət ünvanlanmışdır.
Sonda rayonun sosial-iqtisadi inkişafında fərqlənən bir qrup şəxsə fəxri fərman və qiymətli hədiyyələr təqdim olunub.