"Turizmin inkişafında KİV-in rolu və funksiyası" adlı tədbir keçirilib.
Azərbaycanın təbii zənginliyi turizm biznesinin daim genişlənməsinə, ölkəmizin turistik bölgəyə çevrilməsinə əlverişli imkanlar yaradır. Son illər ölkədə turizm şirkətlərinin və mehmanxanaların sayının artması, turizm sektorunun dünya standartlarına uyğun səviyyədə inkişaf etdirilməsi dünya turizm bazarına inteqrasiya istiqamətində aparılan ardıcıl işlərin göstəricisidir. Zəngin tarixi və mədəni irsi, saysız-hesabsız görməli yerləri sayəsində Qəbələ beynəlxalq hava limanına, inkişaf etmiş infrastruktura və dəbdəbəli otellər şəbəkəsinə malik iri şəhərdir. Azərbaycanda daxili turizmin inkişafına dəstək məqsədilə Qəbələdə "Turizmin inkişafında KİV-in rolu və funksiyası" adlı tədbir keçirilib. Tədbirə Azərbaycanın ən müasir və peşəkar otel brendlərindən olan "Qafqaz" otelləri ev sahibliyi və sponsorluq edib. Azərbaycanın bir sıra kütləvi informasiya vasitələri nümayəndələrinin iştirakı ilə baş tutan tədbirdə bölgənin turizm potensialı, eyni zamanda Azərbaycanda 13, Qəbələ rayonunda 8 oteli olan "Qafqaz Hotelləri Qrupu" barədə ətraflı məlumat verilib. KİV nümayəndələri "Qafqaz Yengicə Termal Hotel və SPA" kompleksi, "Qafqaz Sport Hotel" və "Tufandağ" Qış-Yay Turizm İstirahət Kompleksi ilə tanış olublar. Xizək həvəskarları üçün maraqlı olan "Tufandağ" Qış-Yay Turizm İstirahət Kompleksi ilə tanış olan jurnalistlərə məlumat verilib ki, kompleks gün ərzində bütövlükdə 3 min turistə xidmət göstərə bilir. Diqqətə çatdırılıb ki son iki ildə kompleksin xidmətlərindən 300 minə yaxın turist bəhrələnib. Turistlər kanat yolu ilə qarla örtülmüş uca dağların zirvəsinə qalxaraq oradan Qəbələ şəhərini seyr edirlər. Media nümayəndələri də, öz növbəsində, kompleksə daha çox turist cəlb edilməsi üçün bir sıra təkliflərini veriblər. Kütləvi informasiya vasitələrinin nümayəndələri Qəbələdən xoş təəssüratla ayrılıblar.