“Qafqaz Sport” hoteldə 8 Mart Beynəlxalq Qadınlar Gününə həsr olunmuş ümumrayon tədbiri keçirilmişdir.
“Qafqaz Sport” hoteldə 8 Mart Beynəlxalq Qadınlar Gününə həsr olunmuş ümumrayon tədbiri keçirilmişdir
Tədbirdə çıxış edən rayon icra hakimiyyətinin başçısı cənab Səbuhi Abdullayev 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə rayon qadınlarını təbrik etmişdir. Qeyd olunmuşdur ki, Azərbaycan qadınları əsrlər boyu xalqımızın, vətənimizin taleyində müstəsna rol oynamışlar. Qadın şəxsiyyətinə sonsuz ehtiram, ülvi ana məhəbbəti qədim və müasir sənət abidələrimizdə öz parlaq ifadəsini tapmışdır. Vətən tarixinə dahi insanlar bəxş etmiş Azərbaycan qadınının əzəməti, mənəvi ucalığı və saflığı, mərdliyi və şücaəti böyük şəxsiyyətlər tərəfindən dönə-dönə tərənnüm edilmişdir.
Tarixin bütün sınaqlarından alnıaçıq və üzüağ çıxan Azərbaycan qadını bu gün müstəqil ölkəmizdə demokratik, dünyəvi və hüquqi cəmiyyətin aparıcı qüvvəsi kimi tanınır.
Diqqətə çatdırılmışdır ki, Ümummilli lider Heydər Əliyev qadınların cəmiyyətdəki rolu ilə bağlı siyasətin səmərəli şəkildə həyata keçirilməsinə, onların dövlət qulluğunda,elm, mədəniyyət, təhsil, səhiyyə, idman və digər sahələrdə geniş təmsil olunmalarına xüsusi əhəmiyyət verirdi. Ulu öndərimizin bu müdrik siyasəti bu gün Azərbaycan Respublikasının Prezidenti, möhtərəm cənab İlham Əliyev tərəfindən yüksələn xətt üzrə davam etdirilir. Möhtərəm Prezidentimizin apardığı uzaqgörən siyasətin nəticəsidir ki, bu gün qadınlarımız yalnız Azərbaycanda deyil, ölkəmizin hüdudlarından kənarda da yaxşı tanınır, beynəlxalq qurumlarda ölkəmizi ləyaqətlə təmsil edirlər.
Azərbaycanın qədim və zəngin tarixə malik Qəbələ rayonunda da öz nəcib və xeyirxah əməlləri ilə tarixdə ad qazanmış neçə-neçə görkəmli qadın şəxsiyyətlər yetişmişdir ki, onların adı və fəaliyyəti gənc nəsil üçün örnək və həyat məktəbidir. Təbrik və rəqslərlə davam etdirilən maraqlı bayram proqramı iştirakçılar tərəfindən alqışlarla qarşılanmışdır.