Özbəkistanın Səmərqənd vilayətinin nümayəndə heyəti Qəbələdə.
Fevralın 23-də Özbəkistanın Səmərqənd vilayət hakiminin (rəhbərinin) müavinləri Şirali Yuldaşov, İsroil Cabbarov və Özbəkistandakı Azərbaycan diaspor təşkilatının Səmərqənd vilayəti üzrə rəhbəri Adilağa Mirzəyev tanışlıq məqsədi ilə Qəbələ rayonuna səfər etmişlər.
Qəbələ şəhərində qarşılanan nümayəndə heyəti ilk öncə şəhərin mərkəzindəki Heydər Əliyev parkına gələrək ümumilli liderin abidəsi önünə gül-çiçək dəstələri düzmüş, dahi şəxsiyyətə öz ehtiramlarını bildirmişlər. Daha sonra nümayəndə heyəti Qəbələ rayon icra hakimiyyətinin inzibati binasında rayon icra hakimiyyətinin başçısı cənab Səbuhi Abdullayevlə rəsmi görüşü təşkil olunmuşdur.
RİH başçısı tərəfindən nümayəndə heyətinə rayonun tarixi, iqtisadi vəziyyəti, sosial və mədəni həyatı barədə ətraflı məlumat verilmişdir.
Bildirilmişdir ki, Qəbələnin tarixi keçmişi də təbiəti qədər zəngin olaraq Azərbaycan tarixinin ən parlaq səhifələrindən birini təşkil edir. Bu gün burada aparılan arxeoloji qazıntılar sirli tariximizin maraqlı səhifələrini açaraq dünyaya nümayiş etdirir.
Qeyd olunmuşdur ki, Prezident cənab İlham Əliyevin apardığı sosial-iqtisadi siyasət nəticəsində burada sürətli inkişaf edən turizm infrastrukturu ilə yanaşı mövcud olan istehsal müəssisələri də bu füsünkar gözəlliklərə sahib məkanın iqtisadi inkişafının artmasında müstəsna rol oynyaır. Bildirilmişdir ki, ildən-ilə Qəbələ rayonunda öz möhtəşəmliyi ilə yeni inşa olunan elm, təhsil, səhiyyə və sənaye obyektləri bu bölgəyə göstərilən diqqətin əyani təzahürüdür.
Diqqətə çatdırılmışdır ki, rayonda elmi texniki tərəqqinin son nəaliyyətlərinə cavab verən, müasir tipli müəssisələrin istehsal etdiyi məhsullar dünyanın bir çox ölkələrinə ixrac olunur.
Regionun öz ecaskar gözəlliyi və qonaqpərvərliyi ilə zəngin olduğunu ifadə edən cənab Səbuhi Abdullayev Qəbələnin beynəlxalq tədbirlərə ev savibliyi etdiyini vurğulamış, bir çox ölkə başçılarının və tanınmış simaların Qəbələ rayonuna səfərlərindən söz açmışdır.
Daha sonra nümayəndə heyətinin üzvü İsroyıl Cabbarov söz alaraq ilk öncə göstərilən qonaqpərvərliyə görə öz minnətdarlığını ifadə etmişdir.
Natiq Səmərqənd vilayəti barədə ətraflı məlumat vermiş, Özbəkistan və Azərbaycan dövlətlərinin dillərinin, mədəniyyətlərinin və adət ənənələrinin bir birinə cox yaxın olduğunu qeyd edərək burada yüksək memarlıq üslubunda inşa olunan tikililərin göz oxşadığını bildirmişdir. Özbəkistanda ənənəvi olaraq keçirilən “Şərq təranələri” adlı musiqi festivalında daim Azərbaycan musiqiçilərinin çıxışlarını böyük əhval ruhiyyədə qarşılandığını, Səmərqənd vilayətində Əfrasiyab muzeyində Azərbaycana aid guşənin təşkil olunduğunu, Daşkənddə Nizami adına Dövlət Pedaqoji Universitetinin fəaliyyət göstərdiyini vurğulayan natiq bütün bunların ölkələrimiz arasında qarşılıqlı münasibətlərin yüksək dərəcədə olduğunun bariz nümunəsi kimi qiymətləndirmişdir. Azərbaycanın güclənən iqtisadiyyatı və zəngin mədəniyyəti ilə tanınmasında bir çox məlumatlara sahib olduqlarını bir daha qeyd edən nümayəndə heyəti bütün bunları Özbəkistanın Səmərqənd vilayəti və Azərbaycanın Qəbələ rayonu arasında daha sıx dostluq münasibətləri və qarşılıqlı mədəni kütləvi tədbirlərin keçirilməsi üçün zəmin yaratdığını diqqətə çatdırmışlar. Qonaqlar rayon icra hakimiyyətinin inzibati binasına və Heydər Əliyev guşəsinə baxış keçirmişlər.
Səfər çərçivəsində nümayəndə heyəti rayonun tarixi-mədəni abidələri, istehsal müəssisləri və turizm sektoru ilə yaxından tanış olacaqlar.