Xocalı soyqırımı bəşər tarixinin ən dəhşətli faciəsidir.
Xocalı soyqırımının 24-ci ildönümü ilə əlaqədar Qəbələ Mədəniyyət Mərkəzində anım mərasimi keçirilmişdir. Tədbirə Qəbələ rayonunda məskunlaşmış Xocalıdan olan məcburi köçkünlər, şəhid ailələri və ictimaiyyətin nümayəndələri dəvət edilmişlər.
Tədbir iştirakçıları ilk öncə Mərkəzinin foyesində təşkil olunmuş Xocalı faciəsinin dəhşətlərini özündə əks etdirən rəsm əsərlərinə baxış keçirmişlər. Daha sonra akt zalında dəyirmi masa təşkil olunmuşdur. Xocalı soyqırımı qurbanlarının və Azərbaycan torpaqlarının bütövlüyü uğrunda həlak olan şəhidlərin ruhunun bir dəqiqəlik sükutla yad edilməsi ilə mərasimi açıq elan edən rayon icra hakimiyyətinin başçısı Səbuhi Abdullayev diqqətə çatdırdı ki, bu gün vətənimizdə, ölkəmizdə kədərli bir gündür. Xalqımız, Azərbaycanın bütün vətəndaşları, bəşəriyyətin ən böyük faciəsini Xocalı soyqrımını dərin hüzünlə yad edirlər. Biz Qəbələlilər də hamımız Xocalıda soyqırım nəticəsində həlak olanlara, xəsarət alanlara, əsirlikdə qalıb hələ də xəbəri çıxmayanlara dərin hörmət və ehtiramımızı bildirir, bütün Xocalılarla bir yerdə olduğumuzu bəyan edirik. Xocalıda soyqırımının acı nəticələri barədə məlumat verən natiq bildirdi ki, 1994-cü ildə ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən Xocalı faciəsi azərbaycanlılara qarşı erməni vəhşiləri tərəfindən törədilmiş soyqırımı kimi qiymətləndirilmişdir. Xocalı soyqrımının beynəlxalq aləmdə tanınması istiqamətində ölkə başçısı cənab İlham Əliyevin apardığı ardıcıl və məqsədyönlü siyasət uğurlu nəticələrini verməkdədir. Eləcə də 2009-cu ildə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başlamış “Xocalıya ədalət” beynəlxalq təbliğat kompaniyasının səmərəli fəaliyyəti nəticəsində İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqı ermənilərin bu əməlini “insanlığa qarşı kütləvi cinayət” aktı kimi tanımış və dünya birliyini bu faciəyə lazımi siyasi-hüquqi qiymət verməyə çağırmışdır. Azərbaycanın regionda iqtisadi cəhətdən inkişaf edən və daim tərəqqi edən qüdrətli bir dövlət olduğunu qeyd edən cənab Səbuhi Abdullayev. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev dönə-dönə bizim müharibə tərəfdarı olmadığımızı, lakin torpaqlarımızın da bir qarışını heç kəsə vermək niyyətimiz olmadığını və ölkəmizin ərazisində ikinci erməni dövlətinin yaradılmasına imkan verilməyəcəyini tədbir iştirakçılarının diqqətinə çatdırmışdır. Anım mərasimində respublikamızın 51 rayonunda məskunlaşan Xocalıların müvafiq sosial yardım proqramlarına cəlb olunması, onların məşğulluğunun diqqətdə saxlanılması, imtiyazlı şəxslərin müavinət və təqaüdlərinin vaxtlı-vaxtında təmin olunması, ali məktəblərə ödənişli əsaslarla qəbul olunanların ödənişdən azad edilməsi, bütün məcburi köçkünlərin, o cümlədən xocalı rayonundan olan əhalinin həyat və mənzil şəraitinin yaxşılaşdırılması istiqamətində dövlət başçısı tərəfindən mühüm addımlar atıldığı vurğulamışdır. Bildirilmişdir ki, Möhtərəm Prezidentimiz, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu işğal altındakı bütün torpaqlarımızdan hər an düşmənləri çıxarmağa və ölkəmizin ərazi bütövlüyünü bərpa etməyə daim hazırdır. Mərasimdə Xocalı sakinlərindən Kamal Məmmədov və Qiyas Əhmədov çıxış edərək ermənilərin zaman-zaman qanlı faciələr törətdiklərindən söz açaraq, Xocalı soyqırımı barədə həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasının vacibliyini vurğulayıblar. Sonda anım mərasimini yekunlaşdıran RİH-nin başçısı cənab Səbuhi Abdullayev Xocalı soyqırımında şəhid olanların ailə üzvlərinə, əlil olmuş, əzizlərini itirmiş və köçkün düşmüş soydaşlarımıza səbrli, iradəli və dözümlü olmalarını arzu edərək ölkə rəhbərliyinin və beynəlxalq təşkilatların birgə səyləri nəticəsində Azərbaycanın ərazi bütövlüyünün təmin olunacağına, qaçqınların və məcburi köçkünlərin doğma yurd-yuvalarına qayıdacağına əminliyini bildirmişdir.