“Xəmsə” Milli İntellektual Oyunu üzrə gənclər arasında zona yarışı keçirilmişdir.
Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə Qəbələ rayon turizm və otelçilik peşə tədrisi mərkəzində “Xəmsə” Milli İntellektual Oyunu üzrə gənclər arasında VIII Azərbaycan Çempionatının zona seçim mərhələsi keçirilmişdir. Tədbirdə Gənclər və İdman Nazirliyinin sektor müdiri Kənan Kərimov iştirak etmişdir.
Tədbirin açılış mərasimində rayon Gənclər və İdman İdarəsinin rəisi Fəxri Soltanov çıxış edərək iştirakçıları salamlayaraq Prezident İlham Əliyevin gənc nəslə xüsusi diqqət yetirdiyindən, onlara hər bir sahədə göstərilən qayğıdan və respublikada dövlət gənclər siyasətinin uğurlu inkişafından söz açmış, tədbirin məqsəd və vəzifələri haqqında ətraflı məlumat vermişdir.
Diqqətə çatdırılmışdır ki, “Xəmsə” Milli İntellektual Oyununun keçirilməsində əsas məqsəd gənclərin intellektual səviyyəsini, dünyagörüşünü, zehni inkişafını stimullaşdırmaq, onlar arasında bilik və bacarıqlaını artırmaq, Azərbaycanın zəngin milli mədəniyyətinin və tarixinin təbliği, eləcə də gənclərin asudə vaxtlarının səmərəli təşkili istiqamətində yeni üsullar tətbiq etməkdən ibarətdir.
Zona mərhələsində yaşı 18-dən 29-dək olan Oğuz, Şəki, Qax, Zaqatala, Balakən və Qəbələ rayon komandaları öz bilik-bacarıqlarını və intellektual səviyyələrini sınamışlar. Yekununda Balakən rayon komandası I yer, Qəbələ rayon komandası II yer və Qax rayon komandası III yerə çıxmışdır. Hər üç komanda Gəncə şəhərində keçiriləcək final mərhələsinə vəsiqə qazanmışlar.