“Elektron Hökumət Təlim-Tədris Mərkəzi”ndə abituriyentlər üçün ödənişsiz təlim kursları keçiriləcək
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Elektron Hökumət Təlim-Tədris Mərkəzi” və 6 regional mərkəzdə (Mingəçevir, Gəncə, Lənkəran, Bərdə, Sumqayıt, Qəbələ) abituriyentlər üçün ödənişsiz təlim kursları keçiriləcək. Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) birgə təşkilatçılığı ilə keçirilən təlimlərə martın 17-də saat 12:00-da start veriləcək. “İlboyu bilik” proqramı üzrə “Yazmağı bacaracaqsan” layihəsi çərçivəsində təşkil edilən kurslar jurnalist ixtisasına yiyələnmək istəyən abituriyentlərə yardım etmək məqsədi daşıyır. Kurslarda abituriyentlərə qabiliyyət imtahanlarında uğur qazanmaq üçün esse yazmaq bacarıqları və vərdişləri aşılanacaq. Təlim Bilik Fondu və TQDK-nın ekspertləri tərəfindən aparılacaq.