Vergi işçiləri yerli iş adamları və sahibkarlarla görüşlər keçirir.
Vergilər Nazirliyi regionlarda yerli iş adamları və sahibkarlarla görüşlərə başlayıb. Görüşlərdə məqsəd ölkəmizdə daha əlverişli biznes mühitinin formalaşdırılması, vergi qanunvericiliyində edilmiş dəyişikliklər, eləcə də vergi sahəsində aparılan islahatlar barədə vergi ödəyicilərini məlumatlandırmaq, bu sahədə sahibkarların qarşılaşdıqları problem və çətinliklərlə yerində tanış olaraq onları həll etməkdir. Bu səpgidən olan görüşlərdən biri Qəbələ şəhərərində, 10 saylı Ərazi Vergilər İdarəsinin akt zalında təşkil olunub. Görüşdə Vergilər Nazirliyinin rəhbər vəzifəli şəxsləri və müxtəlif sahələrdə çalışan 60 –dan yuxarı sahibkarlar iştirak ediblər. Toplantıda diqqətə çatdırılıb ki, Prezident İlham Əliyevin qeyd etdiyi kimi, yaranmış yeni iqtisadi şəraitdə ölkəmizin bundan sonrakı inkişafı əsasən sahibkarlığın inkişafından asılı olacaq. Daha əlverişli biznes mühitinin formalaşması, sahibkarlara dövlət dəstəyinin gücləndirilməsi, xüsusilə də sahibkarlığın inkişafına mane olan əngəllərin aradan qaldırılması üçün dövlət tərəfindən bütün zəruri tədbirlər görülür.
Bildirilib ki, yerli istehsalın artırılması və sahibkarlıq mühitinin daha da yaxşılaşdırılması məqsədilə ölkə başçısının müvafiq fərmanları ilə sahibkarlıq sahəsində aparılan yoxlamalar 2 il müddətində dayandırılıb, sahibkarlıq fəaliyyətinin xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növlərinin sayının 59-dan 37-yə qədər azaldılaraq onların verilməsi prosedurları sadələşdirilib. Qeyd olunub ki, bunun müqabilində vergi ödəyiciləri, sahibkarlar da öz üzərinə düşən vəzifələri yerinə yetirməli, vergiləri düzgün hesablayaraq dövlət büdcəsinə vaxtında və tam həcmdə ödəməli, vergi uçotunun aparılmasında şəffaflığı təmin etməlidirlər.
Görüşdə vergi uçotunun aparılmasında şəffaflığın təmin olunması ilə bağlı məsələlər geniş müzakirə olunub. Vurğulanıb ki, vergi ödəyiciləri dövriyyələrini düzgün göstərməli, sənədləşmə işlərini şəffaf aparmalı, bu sahədə pozuntulara yol verməməlidir. Həmçinin topdan və pərakəndə ticarət obyektlərində nəzarət-kassa aparatlarından və POS-terminallardan geniş istifadə olunmalıdır. Görüşlərdə sahibkarların qarşılaşdıqları çətinliklərlə bağlı müraciətləri və təklifləri dinlənilib, onların çoxsaylı sualları cavablandırılıb, onlara hər hansl bir problemlə üzləşdikləri zaman yerli vergi orqanlarına və regionlardakı vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət etmək tövsiyə olunub.