Qəmərvan kəndinə təbii qaz verilmişdir.
Qəbələ rayonunun Qəmərvan kəndinə ilk dəfə təbii qaz verilib. Bu münasibətlə keçirilən mərasimdə Qəbələ Rayon İcra Hakimiyyətinin Başçısı cənab Səbuhi Abdullayev, Ağsu Regional Qaz İstismar İdarəsinin rəisi Eldar Səlimzadə və rayonda fəaliyyət göstərən idarə müəssisə və təşkilatların rəhbərləri iştirak edirdilər.
Toplantıda çıxış edən Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı cənab Səbuhi Abdullayev diqqətə çatdırdı ki, ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə qəbul olunan və bütün respublikanı əhatə edən proqram və layihələrin bəhrəsini gündəlik həyatımızda hiss edirik. Bu proqramların icrası nəticəsində infrastruktur, sosial məsələlər, öz həllini tapır insanların rifah halı yaxşılaşır.
Qeyd olunmuşdur ki, inkişaf mərhələsində olan Qəbələdə həlli vacib olan məsələlər daim diqqət mərkəzində saxlanılır, ən ucqar kəndlərimiz abadlaşır. Bildirilmişdir ki, bir neçə gün öncə xalqımızın ən qədim bayramlarından biri olan “Novruz” bayramı ərəfəsində rayonun Bum qəsəbəsinə həmçinin bu gün, əhalisinin sayı 2010 nəfər, evlərin sayı 350 olan Qəmərvan kəndinə təbii qazın verilişi rayonumuza göstərilən qayğının əyani təzahürüdür. Daha sonra “Novruz” bayramı və bu günkü əlamətdar hadisə münasibətilə öz təbriklərini tədbir iştirakçılarına ünvanlayan Səbuhi Abdullayev bu xeyirxah işdə köməyi olan insanların hər birinə, xüsusilə Dövlət Neft Şirkətinin rəhbərliyinə minnətdrlığını ifadə etmişdir.
Mərasimdə iştirak edən Ağsu Regional Qaz İstismar İdarəsinin rəisi Eldar Səlimzadə çıxış edərək əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulan neft-qaz strategiyasının bu gün ölkə başçısı tərəfindən uğurla davam etdirildiyini vurğulamışdır. Natiq öz çıxışında qeyd etmişdir ki, təbii qazın verilişi əhaliyə sevinc bəxş edir, lakin bununla yanaşı vətəndaşlar təbii qazdan istifadə zamanı da təhlükəsizlik qaydalarına ciddi əməl etməlidir.
Kənd sakinlərinə “Azəriqaz”ın rəhbərliyi adından təbriklərini çatdıran E.Səlimzadə rayonunun digər yaşayış məntəqələrində də qaz çəkilişi işinin sürətlə davam edəcəyini diqqətə çatdırmışdır.
Mərasimdə kənd sakinləri, ağsaqqallar, ziyalılar adından çıxış edən Hacıbaba Ziyadov, Rəna Hacıyeva çıxış edərək kəndə təbii qazın verilməsinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.
Sonda rayon icra hakimiyyətinin başçısı Səbuhi Abdullayev və Ağsu Regional Qaz İstismar İdarəsinin rəisi Eldar Səlimzadə əraziyə verilən təbii qazı alovlandırmışlar.
Alovlanan məşəl sürəkli alqışlarla qarşılanmışdır.