Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

“Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiyanın iştirakçıları Qəbələ ilə yaxından tanış olublar.

26 mart 2016 | 16:00

Respublikamızın şəhər və rayonlarının IX-XI sinif şagirdləri üçün “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiyalar davam edir. İsmayıllı-Qəbələ-Şəki marşrutu üzrə keçirilən tur-aksiyada iştirak edən Goranboy, Daşkəsən və Naftalan məktəblilərindən ibarət 3 qrupun üzvləri martın 25-də Qəbələnin tarixi abidələri, turizm obyektləri, mənzərəli guşələri, adət-ənənələri, eləcə də son illər inşa edilən istehsal müəssisələri və sosial obyektləri ilə tanış olublar. Səfər çərçivəsində şagirdlər  üz tutduqları ilk məkan Heydər Əliyev  Konqres Mərkəzi olub. Mərkəz ilə yaxından tanış olan şagirdlərə məlumat verilib ki, 1200 yerlik mərkəz üç mərtəbədən ibarətdir. Birinci mərtəbədə zallar, 350 yerlik restoran və inzibati otaqlar yerləşir. Çoxfunksiyalı 1200 yerlik konfrans zalı isə ikinci mərtəbədədir. Konfrans zalı qısa müddətə başqa məqsədlər - konsert, iclas üçün kresloların aşağı enməsi ilə müstəvi halına keçə bilir. Sonra qrupun üzvləri  Heydər Əliyev Mərkəzinə və Tarix-Diyarşünaslıq Muzeyində baxış keçirmişlər. Rayonun sənaye obyektləri ilə yaxından maraqlanan şagirdlər “Beltman” piano fabrikinə və  “Gilan Qida” şəhərciyinə gəlmiş burada istehsal prosesini yaxından izləmiş, müəssisələrdə istehsal olunan məhsulların sərgisi ilə tanış olmuşlar. Rayonun Nic qəsəbəsinə səfər edən şagirdlər buradakı “Cotari” Alban-Udi kilsəsinə də böyük maraqla baxmışlar. Bildirilib ki, kilsə tarixi baxımdan ən qədim və əhəmiyyətli abidələrdən biridir. Nic qəsəbəsi tolerantlığın kiçik bir modeli hesab edilir. Daha sonra məktəblilər Çuxur Qəbələ kəndində qədim Qəbələ şəhərinin qalıqları və ərazidə aparılan arxeoloji qazıntıların nəticələri ilə də tanış olublar. Məlumat verilib ki, Azərbaycanın ən qədim şəhərlərindən olan Qəbələnin çox zəngin tarixi var. Bu rayondakı ölkə əhəmiyyətli qədim memarlıq abidələri mədəni irsimizin nadir inciləri hesab olunur. Naftalan, Daşkəsən və Goranboydan gələn şagirdlər Qəbələyə səfərlərinin sonunda beşulduzlu “Qafqaz Riverside”, “Qafqaz Resort”, “Qafqaz Yeddi Gözəl”, “Qafqaz Karvansaray” otelləri, “Qəbələnd” İstirahət və Əyləncə Mərkəzi, rayonda yaradılan müasir turizm infrastrukturu həmçinin bölgənin füsunkar təbiəti ilə də tanış olublar.  Səfər zamanı qədim və müasir Qəbələ şəhəri ilə tanışlıqdan zövq aldıqlarını bildirən tur-aksiya iştirakçıları martın 26-da xoş təəssüratlarla Şəki şəhərinə yola düşüblər.

Foto qalereya

Keçidlər