“Novruz” bayramı ərəfəsində Qəbələ rayonuna 4000-ə yaxın yerli və xarici turist gəlib.
Hər il turist artımı müşahidə olan Qəbələ rayonuna “Novruz” bayramı ərəfəsində dincəlmək üçün gələnlərin sayı 4000 nəfərə çatıb. Ən diqqətçəkən məqam isə odur ki, rayona səfər edən qonaqların əksəriyyəti əcnəbilərdir. İstirahət etmək üçün bura gələn turistlərin əksəriyyəti Rusiya, Türkiyə, Böyük Britaniya, Cənubi Afrika Respublikası, Latviya, İran, Gürcüstan, Ukraynadan olub. Bəzi otel və istirahət komplekslərində bir çox otaqlar əvvəlcədən sifariş olunub.Bunun da nəticəsi olaraq, turistlərin yüksək səviyyədə istirahətini təmin etmək üçün “Qafqaz Resort”, Qafqaz Riverside”, “Qafqaz Karvansaray”, “Qafqaz Sport”, “Qafqaz Yeddi gözəl”, “Qafqaz Qebele City" hotellərində, “Tufandağ” Qış-Yay Turizm İstirahət Kompleksində və "Qəbələnd" əyləncə mərkəzində hər cür şərait yaradılıb və xidmətin səviyyəsi yüksəldilib.
Qeyd edək ki, gözəl təbiəti olan Qəbələ rayonu son illər bir çox beynəlxalq tədbirlərə və musiqi festivallarına da ev sahibliyi edib. Məhz belə tədbirlərin rayonda keçirilməsi də turistlərin rayona axınını gücləndirən amillərdəndir.