Multikulturalizm və Azərbaycan” mövzusunda sərgi təşkil edilib.
Qəbələ rayon Mərkəzi Kitabxanasında “Multikulturalizm və Azərbaycan” mövzusunda sərgi təşkil edilib. Tədbirdə çıxış edənlər Azərbaycanda yaşayan azsaylı xalqlara, eləcə də İslam və digər dinlərə etiqad edənlərə yaradılan şəraitdən danışıblar. Diqqətə çatdırılıb ki, multikulturalizm bir çox fərqli mədəniyyətlərin birgə yaşaması, ayrı-ayrı insanların bir-birinin mədəniyyətinə və dünyagörüşünə hörmətlə yanaşmasıdır. Azərbaycan bu məsələdə hər zaman nümunəvi ölkə olub. Xalqımız qədimdən bəri cəmiyyətdə harmoniyaya şərait yaradıb. Bildirilib ki, Azərbaycanda 2016-cı ilin “Multikulturalizm ili” elan edilməsi bütövlükdə xalqımızın tarixi mədəniyyətinin bir daha parlaq şəkildə göstərilməsidir. Daha sonra sərgiyə baxış keçirilib. Sərgidə Qəbələ rayonunda yaşayan azsaylı xalqların mədəniyyəti, adət-ənənələri, yaşam tərzi, mətbəxi haqqında fotoşəkillər, kitablar, jurnallar, məlumat kitabçalarının nümayiş olunması öz əksini tapıb. İştirakçılara məlumat verilib ki, Qəbələdə yaşayan azsaylı xalqlar arasında udinlər və ləzgilər üstünlük təşkil edirlər. Nic qəsəbəsində yaşayan udinlər qədim Qafqaz Alban dövlətinin ərazisində mövcud olan 26 azsaylı xalqdan biridir. Udinlərin qədim “Cotari” alban kilsəsi 2003-cü ildə dövlət tərəfindən qeydiyyata alınaraq əsaslı təmir olunub. Tolerantlığın kiçik modeli hesab olunan Nic qəsəbəsində iki məscid fəaliyyət göstərir. Ləzgilər isə əsasən rayonun Qəmərvan, Laza, Əmirvan, Yenikənd, Sırt Yengicə, Bılıx, Zərgərli, Dizaxlı və Yeni Dizaxlı, kəndlərində yaşayırlar. Qeyd edək ki, ilin sonunadək davam edəcək sərgi məktəblilərin, müəllimlərin, gənclərin marağına səbəb olub.