Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

31 mart –Azərbaycanlıların soyqırımı qurbanlarının xatirəsi anılıb

31 mart 2016 | 16:00

31 mart –Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar Qəbələ Mədəniyyət Mərkəzində geniş tədbir keçirilmişdir. Tədbirə Qəbələ rayonunun idarə və müəssisələrin, ictimai təşkilatların rəhbər və məsul işçiləri, məktəblilər dəvət olunmuşdur. Tədbiri giriş sözü ilə rayon mədəniyyət və turizm şöbəsinin müdiri Nargilə Qafarova açmış və soyqırım qurbanlarının xatirəsi 1 dəqiqəlik sükutla yad edilmişdir. Tədbirdə çıxış edən rayon icra hakimiyyəti başçısının müavini – ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Ətayə Osmanova qeyd etmişdir  ki, Azərbaycan xalqı tarixin müxtəlif dövrlərində ermənilər tərəfindən soyqırımına məruz qalıb. Tarixi faktlar sübut edir ki, ermənilər həmişə riyakar siyasət yeridərək Azərbaycana məxsus ərazilərdə “Böyük Ermənistan” dövləti yaratmaq üçün ən ağır, insanlığa yaraşmayan vasitələrə əl atıblar. 1918-ci ilin mart-aprel aylarında erməni-bolşevik birləşmələri Bakı, Şamaxı, Quba, Muğan və Lənkəranda 50 mindən çox azərbaycanlını qətlə yetirib, 10 minlərlə insanı öz torpaqlarından qovublar. Ən dəhşətli qırğınlar isə 1918-ci il martın 31-də həyata keçirilib. Həmin gün Azərbaycanın Bakı, Şamaxı, Quba, Gəncə və başqa yaşayış məskənlərində bolşevik-daşnak birləşmələri tərəfindən minlərlə günahsız azərbaycanlı qətlə yetirilib. Təkcə Bakıda 12 mindən çox azərbaycanlıya “əksinqilabçı” damğası vuraraq onları insanlığa sığmayan vəhşi üsullarla məhv ediblər. Çıxış edənlərdən rayon tarix-diyarşünaslıq muzeyinin direktoru Xalis Məmmədov ermənilərin azərbaycanlılara qarşı zaman-zaman apardığı etnik təmizləmə siyasəti, XVIII –XIX əsrlərdən bəri əzəli Azərbaycan torpaqlarının işğal edilməsi ilə əlaqədar törətdikləri qırğınlardan söz açaraq əsaslı faktlar barəsində ətraflı məlumat vermişdir.
Sonda tədbir iştirakçıları Mədəniyyət Mərkəzinin foyesində rayon dövlət rəsm studiyası üzvlərinin 31 mart soyqırımı ilə əlaqədar təşkil olunmuş rəsm əsərlərindən ibarət sərgiyə baxış keçirmişlər.

Keçidlər