“Narkomaniyaya yox deyək”
Qəbələ Rayon İcra Hakimiyyətinin akt zalında narkotik maddələrin yayılmasına qarşı mübarizə tədbirləri çərçivəsində “Narkomaniyaya yox deyək” başlıqlı tədbir keçirilmişdir. Tədbirdə əsasən gənclər – müəllimlər, rayondakı peşə tədris müəssisələrinin dinləyiciləri, ümumtəhsil məktəblərinin yuxarı sinf şagirdləri, əlaqədar dövlət orqanlarının, qeyri hökumət təşkilatlarının, səhiyyə təşkilatlarının, ictimaiyyətin nümayəndələri iştirak edirdi.
Tədbiri giriş sözü ilə Qəbələ Rayon İcra Hakimiyyəti yanında narkomaniyaya qarşı mübarizə komissiyasının sədri, RİH başçısının birinci müavini Abil Ağasəfov açdı.
İlk öncə son günlər Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar cəbhə bölgəsində həlak olan şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi.
Mövzu ilə əlaqədar məruzə etmək üçün söz Qəbələ rayon Polis Şöbəsinin rəis müavini –polis polkovnik leytenantı Etibar Babayevə verildi. Etibar Babayev bildirdi ki, narkomaniya insan cəmiyyətinə ən ciddi zərər vuran çox qorxulu bir bəladır. Hazırda bütün dünyada bu bəlaya qarşı ciddi mübarizə getməsinə baxmayaraq təəssüf ki, bu bəlanın qarşısını almaq mümkün olmamışdır. Natiq qeyd etdi ki, Azərbaycan Respublikası narkotik vasitələrin qanunsuz dövriyyəsinə və narkomaniyaya qarşı mübarizə sahəsində bütün beynəlxalq konvensiyalara qoşulmuşdur. Bu sahələrdə işlər ildən-ilə təkmilləşdirilir və gücləndirilir. Antinarkotik təbliğatın və cəza tədbirlərinin səmərəliliyinin artırılması sahəsində müəyyən uğurlar əldə olunur.
Sonra rəis müavini rayon miqyasında narkotik vasitələrin qanunsuz dövriyyəsinə və narkomaniyaya qarşı rayon pols şöbəsi tərəfindən həyata keçirilən tədbirlər barədə yığıncaq iştirakçılarına faktlarla məlumat verdi.
Rayon Təhsil şöbəsinin müdir müavini İxtiyar Hüseynov rayon təhsil müəssisələrində və təhsil şöbəsinin tabeliyində olan məktəbdənkənar müəssisələrdə narkomaniyaya qarşı aparılan maarifləndirmə işləri barədə yığıncaq iştirakçılarını məlumatlandırdı.
Qəbələ Rayon Gənclər və İdman idarəsinin aparıcı məsləhətçisi Mübariz Ağayev çıxış edərək qeyd etdi ki, idman narkomaniyaya qarşı mübarizədə narkomanlığın qarşısının alınmasında ən yaxşı vasitədir. Ona görə də biz gənclər və yeniyetmələr arasında idmanın inkişafına böyük əhəmiyyət veririk. Rayonumuzda güclü idman infrastrukturunun yaradılması bu işdə bizə böyük yardımçıdır. Qəbələ Turizm və Otelçilik üzrə Tədris Mərkəzinin müəlliməsi Lalə Ağamirzəli bu tədris ocağında sağlam həyat tərzinin təbliği üçün görülən işlərdən danışdı.
Qəbələ Qeyri Hökumət Təşkilatının Tədris və Resus Mərkəzinin rəhbəri Qalib Nəbiyev Narkomaniyaya qarşı mübarizədə qeyri hökumət təşkilatlarının əlaqədar dövlət qurumları ilə birlikdə həyata keçirdiyi tədbirlərdən söz açaraq cəmiyyətin bu qorxunc bəlasına qarşı birgə mübarizənin gücləndirilməsinin vacibliyini vurğuladı.
Rayon mərkəzi xəstəxanasının həkimi Sərxan Rüstəmov qeyd etdi ki, narkomanlıq ağır xroniki xəstəlikdir. Xəstəliyi müalicə etməkdənsə onu doğuran səbəblərə qarşı mübarizə aparmağın daha səmərəli olduğunu bilərək hamımız bu bəlaya qarşı səylərimizi birləşdirməliyik.
Sonda narkotik maddələrin qanunsuz dövriyyəsinə və narkomaniyaya qarşı mübarizəyə həsr olunmuş sənədli film nümayiş olundu.
Tədbiri Qəbələ Rayon İcra Hakimiyyəti başçısının birinci müavin Abil Ağasəfov yekunlaşdırdı.