Qəbələdə "Ədalətin bərqərar olunması və böyük fəlakətin qarşısının alınması naminə” adlı petisiya layihəsinin icrası uğurla davam edir.
Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) “Ədalətin bərqərar olunması və böyük fəlakətin qarşısının alınması naminə” adlı petisiya layihəsinin icrasına start verib. Layihə çərçivəsində Ağ Ev Administrasiyasının internet resursunda Obama Administrasiyasına petisiya ilə müraciət açılıb. Bu məqsədlə rayon icra hakimiyyətində idarə, müəssisə və təşkilatların, həmçinin inzibati ərazi dairəsi üzrə nümayəndələrin iştirakı ilə maarifləndirici görüş keçirilib. Görüşdə Qəbələ rayon icra hakimiyyətinin informasiya təminatı və təhlil sektorunun müdiri Zahir Kərimov “Ədalətin bərqərar olunması və böyük fəlakətin qarşısının alınması naminə” adlı petisiya haqqında ətraflı məlumat verərək, bu istiqamətdə geniş ideoloji mübarizə aparılmasının vacibliyini vurğulayıb. Bildirilib ki, qaydalara görə, petisiyaya cavab verilməsi üçün may ayının 5-dək davam edəcək səsvermədə müraciəti ən azı 100 min nəfərin (elektron) imzalaması lazımdır. Qeyd olunub ki, Petisiyanı 13 yaşdan yuxarı şəxslər imzalaya bilərlər. Diqqətə çatdırılıb ki, bu müraciətdə Avropa Şurası Parlament Assambleyasının 2085 (2016) saylı qətnaməsində vurğulanan Azərbaycanın Dağlıq Qarabağ və digər ərazilərinin Ermənistan dövləti tərəfindən işğal edilməsi, Ermənistanın Azərbaycana qarşı qəsdən törətdiyi ekoloji böhranın ekoloji təcavüz olması faktı, Ermənistan silahlı qüvvələrinin işğal bölgəsindən dərhal geri çəkilməsi tələbi, Azərbaycanın işğal edilmiş ərazilərində yerləşən Sərsəng su anbarının hazırkı durumunun humanitar fəlakətlə nəticələnə biləcəyi xəbərdarlığı diqqətə çatdırılır. Natiq bu ideoloji mübarizədə hər bir Azərbaycanlının üzərinə böyük vəzifə düşdüyünü diqqətə çatdırıb. O, dünyada Azərbaycana qarşı ciddi təzyiqlərin olduğunu vurğulayaraq, “Ədalətin bərqərar olunması və böyük fəlakətin qarşısının alınması naminə” adlı petisiyanın səs vermə prosesində fəal iştirakın vacibliyini qeyd edib. Görüş çərçivəsində petisiyada iştirak etməyin qaydaları izah olunub, iştirakçılara məlumatlandırıcı materiallar paylanılıb.
https://petitions.whitehouse.gov/petition/establish-justice-and-prevent-great-catastrophe