Qəbələdə "Hər bir istehlakçı öz hüquqlarını bilməli və tələb etməlidir" mövzusunda konfrans keçirilmişdir.
İqtisadiyyat Nazirliyinin Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin təşkilatçılığı ilə Qəbələ rayon icra hakimiyyətinin akt zalında dövlət qurumlarının regional bölmələrinin, ictimai təşkilatların nümayəndələrinin və istehlakçıların iştirakı ilə "Hər bir istehlakçı öz hüquqlarını bilməli və tələb etməlidir" mövzusunda konfrans keçirilmişdir. Konfransı açıq elan edən rayon icra hakimiyyətinin sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri, - RIH başçısının müavini Arif Allahverdiyev diqqətə çatdırmışdır ki, Azərbaycanın müasir mərhələdə sosial-iqtisadi inkişafı ulu öndərimiz Heydər Əliyevin adı ilə bağlıdır. Bildirilmişdir ki, məhz onun uzaqgörən və məqsədyönlü siyasəti nəticəsində ölkə iqtisadiyyatının bütün sahələrində böyük nailiyyətlər əldə olunmuşdur. Bütün bu nəticələr ölkə prezidenti cənab İlham Əliyevin yürütdüyü düzgün və məqsədyönlü iqtisadi siyasət, sahibkarlara göstərdiyi daimi diqqət və qayğının hesabına uğurla davam etdirilir. Bütün şəhər, qəsəbə və kəndlərimiz abadlaşır, yeni-yeni istehsal müəssisələri açılır, əhalinin məşğulluğu təmin edilir.
Qeyd olunmuşdur ki, cənab Prezidentin ərzaq təhlükəsizliyi və istehlakçıların hüquqlarının qorunmasının təmin edilməsinə dair imzaladığı müvafiq fərmanlar bu inkişafın davamlı olmasına, onun keyfiyyətcə daha yüksək səviyyəyə qaldırılmasına təkan vermiş, ölkədə keyfiyyətsiz malların satılmasına ciddi qadağa qoyulması və nəzarət tədbirlərinin gücləndirilməsi ilə bağlı tapşırığı bizləri daha məsuliyyətli olmağa sövq etmişdir. Konfransda çıxış edən Dövlət Xidmətinin rəis müavini Araz Əliyev istehlak bazarının keyfiyyətsiz mal və xidmətlərdən qorunmasında maarifləndirmə və təbliğat-təşviqat işlərinin əhəmiyyətindən danışmış, tədbir iştirakçılarına istehlakçıların hüquqlarının qorunması sahəsində qanunvericilik, istehlakçıların hüquqları barədə ətraflı məlumat vermişdir. Natiq Dövlət Xidməti tərəfindən bu istiqamətdə həyata keçirilən tədbirləri diqqətə çatdırmışdır.
Bildirilmişdir ki, ötən il Dövlət Xidməti tərəfindən aidiyyəti dövlət qurumlarının, ictimai təşkilatların, sahibkarlıq subyektlərinin və ictimaiyyət nümayəndələrinin iştirakı ilə paytaxt Bakıda və regionlarda konfranslar, dəyirmi masa və seminarlar keçirilmiş, istehlakçıların maarifləndirilməsi və sahibkarların məlumatlandırılması məqsədilə maarifləndirici məlumatlar paylanılmışdır. Konfransda Dövlət Xidmətinin əməkdaşları istehlakçı hüquqlarının müxtəlif aspektləri ilə bağlı məruzələrlə çıxış etmiş, xidmət qaydalarının tələblərinə əməl olunması və xidmət mədəniyyətinin yüksəldilməsi istiqamətində həyata keçirilən tədbirlər, istehlakçıların mal və xidmət alarkən diqqət yetirməli olduğu məsələlər, xidmət müəssisələrinin vəzifələri barədə ətraflı məlumat vermiş, tədbir iştirakçılarının suallarını cavablandırmışlar.
Sonda tədbir iştirakçılarına istehlakçı hüquqlarına dair maarifləndirici materiallar paylanmışdır.