Beynəlxalq konfransın iştirakçıları Qəbələ rayonu ilə tanışlıq məqsədi ilə bir sıra istehsal müəssisələrin fəaliyyəti ilə yaxından maraqlanmışlar.
Beynəlxalq Mülki Müdafiə Təşkilatının təşəbbüsü və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı ilə Qəbələ şəhərində “Mülki Müdafiə və əhalinin fəlakət riskinin qarşısının alınmasına hazırlanması” mövzusunda təşkil olunmuş beynəlxalq konfransın iştirakçıları Qəbələ rayonu ilə tanışlıq məqsədi ilə bir sıra istehsal müəssisələrin fəaliyyəti və bölgənin turizm imkanları ilə yaxından maraqlanmışlar.
Qəbələ “Gilan piano” MMC-nin “Beltmann” piano fabriki ilə tanış olan qonaqlara məlumat verilmişdir ki, 2009-cu ildən fəaliyyətə başlayan fabrik hazırda dünyada “Beltmann” markalı pianolar istehsal edən yeganə müəssisədir. Fabrikdə istehsal prosesi ilə tanışlıq zamanı qeyd edilmişdir ki, regionda analoqu olmayan və ən son beynəlxalq standartlara cavab verən fabrik inzibati bina və istehsal sahəsindən ibarətdir. Pianolar sexlərdə yığılaraq xüsusi avadanlıqla təchiz olunmuş altı otaqda sazlanır və köklənir. Fabrikdə ildə 1200-1500 piano istehsal edilir.
Daha sonra qonaqlar Qəbələ Konserv zavodunda istehsal prosesini yaxından izləmişlər. Məlumat verilmişdir ki, 12 hektar ərazidə yerləşən zavodun istehsal gücünə və texnoloji avadanlığına görə Qafqazda analoqu yoxdur. Zavodda “Tetra Pak” xətti istismara verilmiş, xaricdən gətirilən avadanlıq quraşdırılmışdır. Müəssisənin iş prinsipi xammal qəbulundan başlayaraq hazır məhsulun qablaşdırılmasına qədər bütün prosesləri əhatə edir. Zavodda təxminən 100-ə qədər müxtəlif növdə qablaşdırılmış məhsul istehsal olunur. Məhsullar “Jalə”, “Bağdan”, “Aycan”, “Zolotoy sad” adlı təbii meyvə şirələri, müxtəlif tamlara malik “İce tea-Jalə” soyuq çayları, həmçinin meyvə dilimlərindən ibarət konservlərdir.
Bildirilmişdir ki, zavod ildə 700 min ton meyvə emal etmək, 210 min ton meyvə şirəsi hazırlamaq gücünə malikdir. Daha sonra qonaqlar zavodda istehsal olunan məhsulların sərgisinə baxış keçirmişlər. Qeyd olunmuşdur ki, zavodun beynəlxalq sertifikatı mövcuddur müəssisələrin məhsulları ölkəmizdən kənarda da kifayət qədər tanınır.
Xarici ölkə nümayəndələrinin ən çox diqqətini cəlb edən isə rayon tarix-diyarşünaslıq muzeyindəki qədim eksponatlar olmuşdur. Muzeylə tanışlıq zamanı qonaqlara məlumat verilmişdir ki, 1980-ci ildən fəaliyyət göstərən bu muzeyin əsas fondunda Qəbələnin 2500 illik tarixini əks etdirən 12 mindən çox tarixi və elmi əhəmiyyətə malik eksponat mühafizə olunur.
Muzeyin ayrı-ayrı zallarındakı eksponatlarla tanış olan qonaqların diqqətini 900 il Qafqaz Albaniyasının paytaxtı olmuş qədim Qəbələ şəhəri və onun bu günədək gəlib çatmış möhtəşəm qala divarının, bürc və darvazasının maketi və orada aparılmış arxeoloji qazıntılar zamanı əldə olunmuş maddi-mədəniyyət nümunələri cəlb etmişdir. Rayonun mədəniyyət müəssisələri ilə maraqlanan qonaqlar daha sonra yeni istifadəyə verilmiş Qəbələ Mədəniyyət Mərkəzinə gəlmişlər. Burada konfrans nümayəndələri rayon mədəniyyət müəssisələrinin bədii özfəaliyyət kollektivlərinin çıxışlarını işləmişlər. Rayon Mədəniyyət evinin “Çinar” instrumental ansamblının, “Gülbuta” folklor qrupunun, Bum qəsəbə mədəniyyət evinin”Zopu-zopu” ansamblının, Hacıalılı kənd mədəniyyət evinin ”Gülüstan” folklor qrupunun, Nic qəsəbə mədniyyət evinin”Cəngi” ansamblının həmçinin digər musiqi qruplarının çıxışları qonaqlarda xoş təəsürat yaratmışdır.