Qəbələ rayonunun Mirzəbəyli və Corlu kəndlərinə təbii qaz verilib.
Qəbələ rayonunun iki yaşayış məntəqəsinə Mirzəbəyli və Corlu kəndlərinə uzun illər fasilədən sonra təbii qaz verilib. Bu münasibətilə aprelin 20-də keçirilən mərasimdə çıxış edən rayon icra hakimiyyətinin başçısı cənab Səbuhi Abdullayev ilk öncə kənd sakinlərini əraziyə təbii qazın verilməsi münasibətilə təbrik etmişdir. Diqqətə çatdırıb ki, Qəbələ hazırda inkişafın keyfiyyətcə yeni dövrünü yaşayır. Bu gün hər birimiz cənab İlham Əliyevin rəhbərliyi ilə qəbul olunan proqramların və layihələrin bəhrəsini gündəlik həyatımızda hiss edirik. Şəhər, qəsəbə və kəndlərimizdə insanların yaşayışı üçün vacib olan bütün sosial məsələlər öz həllini tapır. Qeyd olunmuşdur ki, Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramlarının rayonumuzda uğurlu icrası, yaşayış məntəqələrinin görkəmini dəyişdirmiş, hər yerdə abadlıq-quruculuq işləri geniş vüsət almış, əhalinin rifah halı yaxşılaşmışdır. Bildirilmişdir ki, Dövlət Proqramına uyğun olaraq rayonun Bum qəsəbəsi və Qəmərvan kəndinə də qaz xəttinin çəkilişi başa çatdırılmış, əhali mavi yanacaqla təmin olunmuşdur. Vurğulanmışdır ki, rayonunda 31 kənd qazlaşdırılıb, hal-hazırda Nic qəsəbəsi, həmçinin Həmzəli kəndinə də qısa müddət ərzində təbii qaz verilməsi üçün işlər davam etdirilir. Tədbirdə iştirak edən Ağsu Regional Qaz İstismar İdarəsinin rəisi Eldar Səlimzadə bildirib ki, Mirzəbəyli kəndinin ilk dəfə qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 16 min 750 metr uzunluğunda müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 258 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb. Corlu kəndində 41 min 140 metr uzunluğunda müxtəlif diametrli polietilen və metal borularla daşıyıcı və məhəllədaxili qaz xətti çəkilib. Kənddə ümumilikdə 363 abonent mavi yanacaqla təmin olunub. Mərasimdə iştirak edən Respublika Ağsaqqallar şurasının sədri, Milli Məclisin deputatı Fəttah Heydərov bu xoş və əlamətdar gün münasibətilə kənd sakinlərini təbrik edib. Natiq rayonun qəsəbə və kəndlərində aparılan qazlaşma prosesini yüksək qiymətləndirmiş, ölkədə gedən iqtisadi islahatlardan söz açmışdır. Çıxış edən kənd ağsaqqalları, ziyalılar çıxışlarında əhaliyə təbii qazın verilməsinin kənddə əsl bayrama çevrildiyini bildiriblər. Sonra kəndə təbii qazın verilişi münasibətilə rəmzi məşəl alovlandırılıb.