“Multikultural və tolerant dəyərlərimiz: tarixilik, varislik, müasirlik” mövzusunda regional konfrans keçirilib
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Qəbələ Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə mayın 5-də Qəbələ şəhərində “Qafqaz Sport” hotelin konfrans zalında “Multikultural və tolerant dəyərlərimiz: tarixilik, varislik, müasirlik” mövzusunda regional konfrans keçirilib. İlk öncə konfrans iştirakçıları ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri düzüblər. Konfransda rayon rəhbərliyi, hüquq mühafizə orqanlarının əməkdaşları, dini icmaların rəhbərləri, din xadimləri, ictimaiyyət nümayəndələri, ziyalılar və gənclər iştirak ediblər. Tədbirdə çıxış edən Qəbələ Rayon İcra Hakimiyyətinin Başçısı cənab Səbuhi Abdullayev ölkəmizdə dinlərin və azsaylı xalqların nümayəndələrinin yaşadığını və müxtəlif dini konfessiyaların uzun əsrlərdən bəri sərbəst və qarşılıqlı anlaşma şəraitində fəaliyyət göstərdiyini bildirib. Qeyd edilib ki, ölkəmizdə hər zaman başqa xalqların dilinə, dininə, mədəniyyətinə daim hörmətlə yanaşılıb. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı çıxışında bildirib ki, Azərbaycanda hökm sürən multikultural və tolerant mühitin, ideoloji prinsiplərin ana xəttini ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi azərbaycançılıq təşkil edir. Dünyanın hansı ölkəsində yaşamağımızdan asılı olmayaraq, bizi bu prinsiplər birləşdirir. Eyni zamanda, Azərbaycan İslam ölkəsidir və mənəvi dəyərlərimizin tərkib hissəsi olan İslam dininə dünyada bir milyarddan çox insan etiqad edir. Biz də bu dəyərlərə sahib ölkələrdən biri kimi İslamı yad təsirlərdən qorumalıyıq. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra xalqımızın milli mənəvi dəyərlərinə qayıdışı sürətlənib. Bu gün ölkəmizdə dinlərarası münasibətlər ən yüksək səviyyədədir. Hər kəsin etiqad azadlığı təmin olunur. Bununla yanaşı, milli mənəvi dəyərlərimizin tərkib hissəsi olan, o cümlədən ölkə əhalisinin əksəriyyətinin etiqad etdiyi İslam dini və mədəniyyətinin təbliği prioritet məsələlərdəndir. Diqqətə çatdırılıb ki, Prezident İlham Əliyev mütəmadi olaraq dini icmaların liderləri ilə görüşür, onların ehtiyac və problemləri ilə maraqlanır. Dövlətin bu sahədə yürütdüyü siyasət nəticəsində Azərbaycan cəmiyyətində dinlərarası münasibətdə dözümlülük özünü bariz şəkildə göstərir və bunun nəticəsində etnik, dini nifrət hissi mövcud deyil. Həyata keçirilən uğurlu daxili və xarici siyasət sayəsində multikulturalizm və tolerantlıq xalqımızın həyat tərzinə çevrilib. Dövlətimizin başçısının müvafiq Sərəncamı ilə 2016-cı ilin ölkəmizdə “Multikulturalizm ili” elan olunduğunu xatırladan Mübariz Qurbanlı onu da qeyd edib ki, bu, Azərbaycan xalqının digər millətlərlə dostluq, qardaşlıq şəraitində yaşadığını bütün dünyaya bir daha nümayiş etdirir. Diqqətə çatdırılıb ki, çoxmillətli, çoxkonfessiyalı respublika kimi ölkəmizdə bütün xalqların, dinlərin, etnik qrupların nümayəndələri eyni hüquq və azadlığa malikdir. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin baş məsləhətçisi Rəşad İlyasov, Qafqaz Müsəlmanları İdarəsinin bölgə qazısı Ceyhun Rüstəmov, Alban-Udi Xristian dini icmasının sədri Robert Mobili çıxış edərək ölkəmizdəki tolerantlıq mühitinin əsasında duran amillərdən ilk növbədə siyasi sabitliyi, sosial və iqtisadi inkişafı qeyd ediblər. Bildirilib ki, Prezident İlham Əliyevin apardığı doğru, düzgün və məqsədyönlü siyasət nəticəsində multikulturalizm Azərbaycanın dövlət siyasətinə, xalqımızın həyat tərzinə çevrilib. Bildirilib ki, Azərbaycan milli dövlət olaraq təkcə özünün deyil, dünyanın qlobal problemlərinin həllində fəal iştirak edir. BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun Bakıda keçirilməsi bunun bariz nümunəsidir. Sonda məruzələr ətrafında müzakirələr aparılıb və iştirakçıların sualları cavablandırılıb.