“Tour d’Azerbaïdjan-2016” veloyürüşünün üçüncü mərhələsinə start verilib.
Mayın 6-da Beynəlxalq Velosipedçilər İttifaqının 2.1 kateqoriyalı “Tour d’Azerbaïdjan-2016” veloyürüşün üçüncü mərhələsi start götürüb. Bu mərhələdə iştirakçılar yarışa Qəbələ Rayon İcra Hakimiyyətinin binasının qarşısından start götürüblər. Mərhələ çərçivəsində idmançılar Oğuz və Şəki rayonlarının ərazisindən ümumilikdə 177,2 kilometr məsafə qət etdikdən sonra yenidən Qəbələ Rayon İcra Hakimiyyəti qarşısından finiş xəttini keçiblər. Yarışın üçüncü mərhələsi Azərbaycanın “Synergy Baku” kontinental komandası üçün uğurlu alınıb. İkinci mərhələdə olduğu kimi, yenidən komandamızın üzvü finiş xəttini hamıdan öndə keçib. Marşrutu 4 saat 18 dəqiqə 44 saniyəyə başa vuran M.Müqerli bununla da finişi onunla eyni vaxtda keçən 13 nəfərlik qrupda hamını qabaqlayıb. İkinci yerə bir gün əvvəlki kimi, yenidən Avstriyanın “Felbermayr - Simplon Wels” klubunun üzvü, ötən mövsümü “Synergy Baku”nun heyətində keçirən Markus Eybeger layiq görülüb. İlk üçlüyü Birləşmiş Ərəb Əmirliklərinin “NASR-Dubai” komandasının üzvü Luka Vakerman tamamlayıb. “Synergy Baku”nun digər üzvləri - Maksim Averin 12-ci, Matiya Kvasina 20-ci, Kiril Pozdnyakov 22-ci, Yannis Tamuridis isə 30-cu olub. Bu nəticə “Synergy Baku”ya komanda hesabında birinci yeri qorumağa imkan verib. Ümumi təsnifata gəlincə, komanda üzvlərimizdən Maksim Averin 4-cü, Matey Müqerli 7-ci, Matiya Kvasina 12-ci, Kiril Pozdnyakov isə 13-cüdür. Üç mərhələdən sonra ümumi təsnifatın lideri üçün nəzərdə tutulan mavi rəngli “Synergy Group” köynəyini Avstriyanın “Felbermayr - Simplon Wels” klubunun üzvü Daniel Şorn ələ keçirib. O, həmçinin ən yaxşı sprinter kimi yaşıl rəngli “SOCAR” köynəyinə də yiyələnib. İtaliyanın “Unieuro Wilier” komandasının nümayəndəsi Mauro Finetto ən yaxşı dağ velosipedçisi kimi qırmızı rəngli “AZAL” köynəyini, Rusiyanın pro-kontinental “Gazprom-Rusvelo” komandasının velosipedçisi İldar Arslanov isə ən yaxşı gənc velosipedçi kimi bənövşəyi rəngli “Ataholding” köynəyini özündə saxlayıb. Qaliblərə mükafatları veloturun Təşkilat Komitəsinin sədri, Azərbaycan Velosiped İdmanı Federasiyasının vitse-prezidenti Sahib Ələkbərov, Avropa Velosipedçilər Birliyinin vitse-prezidenti Aleksandr Qusyatnikov və Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev təqdim ediblər.