Qəbələdə atıcılıq üzrə Beynəlxalq Qran-pri yarışlarında Azərbaycan idmançıları 3 medal qazanıb.
Qəbələ rayonunda ulu öndər Heydər Əliyevin xatirəsinə həsr edilən olimpiya atıcılıq növləri üzrə III Beynəlxalq Qran-pri yarışları davam edir.Rayonun Bum qəsəbəsindəki stend və ox atıcılığı kompleksində 9 ölkədən 73 idmançının iştirakı ilə keçirilən beynəlxalq yarışda kişilər arasında qoşa səngər stend atıcılığı üzrə yarışlar başa çatıb. Mayın 10-da keçirilən final yarışında Rusiya idmançıları Vasili Mosin 27 xalla birinci və Kiril Fokeev 26 xalla ikinci, Birləşmiş Ərəb Əmirliyinin atıcısı Xalid Alkabe 25 xalla üçüncü yeri tutub. Gənclərin yarışında isə qızıl, gümüş və bürünc medalları Azərbaycan idmançıları qazanıb. Gərgin idman mübarizəsi şəraitində keçən yarışda Əlimirzə Quliyev, İsmət Sərkərov və Mirmömin Ağazadə müvafiq olaraq I, II, III yeri qazanıblar. İdmançılara medalları Azərbaycan Atıcılıq Federasiyasının vitse-prezidenti Hafiz Cəfərov, “Qəbələ” Atıcılıq Klubunun vitse-prezidenti Elvin İsmayılov və Azərbaycan çempionu Emin Cəfərov təqdim ediblər.