Azərbaycan, Türkiyə və Gürcüstanın müdafiə nazirlərinin üçtərəfli görüşü keçirilib.
Mayın 15-də Qəbələ şəhərində Azərbaycan, Türkiyə və Gürcüstanın müdafiə nazirlərinin üçtərəfli görüşü keçirilib. İlk öncə Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov, Türkiyənin milli müdafiə naziri İsmət Yılmaz və Gürcüstanın müdafiə naziri xanım Tinatin Xidaşeli əvvəlcə Qəbələ şəhərindəki Şəhidlər xiyabanını ziyarət edərək ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən Vətən övladlarının xatirəsini yad ediblər və “Əbədi məşəl” abidə kompleksi önünə gül dəstələri qoyublar. Sonra qonaqlar Heydər Əliyevin xatirəsini ehtiramla yad edərək abidəsi önünə gül dəstələri düzüblər. Daha sonra Qəbələ şəhərindəki Heydər Əliyev Konqres Mərkəzində müdafiə nazirləri arasında təkbətək formatda görüşlər başlamışdır. Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov ölkəmizdə rəsmi səfərdə olan Türkiyənın milli müdafiə naziri İsmət Yılmaz ilə görüşüb. Nümayəndə heyətlərinin iştirakı ilə keçirilən görüşdə general-polkovnik Zakir Həsənov qonaqları salamlayaraq, Azərbaycan ilə Türkiyə arasında hərbi əməkdaşlığın dostluq və qardaşlıq münasibətləri üzərində qurulduğunu, bu əlaqələrin yüksələn xətt üzrə inkişaf etdiyini və ölkələrimiz üçün faydalı olduğunu qeyd edib. İsmət Yılmaz Azərbaycan ilə Türkiyə arasında qarşılıqlı münasibətlərin möhkəmlənməsində bu cür görüşlərin rolunu və əhəmiyyətini yüksək qiymətləndirib. Nazirlər regional və qarşılıqlı əməkdaşlıqla bağlı digər məsələlər barədə də ətraflı fikir mübadiləsi aparıblar. Görüşdə Türkiyənin ölkəmizdəki səfiri İsmail Alper Coşkun da iştirak edib. Eyni zamanda Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov ölkəmizdə rəsmi səfərdə olan Gürcüstanın müdafiə naziri xanım Tinatin Xidaşeli ilə görüşüb. Nümayəndə heyətlərinin iştirakı ilə keçirilən görüşdə general-polkovnik Zakir Həsənov qonaqları Azərbaycanın qədim diyarı olan Qəbələdə salamlayaraq ölkələrimiz arasında aparılan danışıqların və keçirilən görüşlərin strateji əhəmiyyətini vurğulayıb. Azərbaycan-Gürcüstan hərbi əməkdaşlığının yüksək templə inkişaf etdiyini bildirən general-polkovnik bu əlaqələrin daimi olacağını qeyd edib. Qəbələ şəhərinə ilk dəfə səfərindən məmnunluğunu ifadə edən Gürcüstanın müdafiə naziri yüksək qonaqpərvərliyə görə təşəkkürünü bildirib. Sonra tərəflər regiondakı hərbi-siyasi vəziyyət və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.