Ramil Usubov Qəbələdə sıra baxışı keçirib.
Respublikanın daxili işlər naziri, general-polkovnik Ramil Usubov mayın 17-də Qəbələ rayonundakı Daxili Qoşunların hərbi hissəsinin meydanında isə Şimal-Qərb bölgəsinin ərazi polis orqanlarında vakant olan sıravi və kiçik rəis heyəti, həmçinin, "İctimai asayişin qorunmasında vətəndaşların iştirakının təmin edilməsi barədə" ölkə prezidentinin fərmanının icrası çərçivəsində mülki işçi vəzifələrinə xidmətə qəbulla bağlı sıra baxışları keçirib.
Sıra baxışlarında bölgədə yaşayan, polis və Daxili Qoşunlarda xidmət etmək istəyən şəxslər iştirak edib. Onların arasından daha hazırlıqlı olanlar polisin və Daxili Qoşunların sıralarında xidmətə, gənc namizədlər isə mülki işçi vəzifələrinə seçilərək sənədlərinin hazırlanması üçün aidiyyatı baş idarələrin rəhbərlərinə müvafiq göstərişlər verilib
Namizədlər qarşısında çıxış edən nazir son illər daxili işlər orqanlarında xidmətə qəbulun şəffaflıq, aşkarlıq və ədalət prinsipləri əsasında gerçəkləşdiyini xatırladıb. Qeyd olunub ki, ümumilikdə, kadrların hazırlıq səviyyəsinin artırılması, gənc əməkdaşlara lazımi diqqət və qayğı göstərilməsi ölkə və DİN rəhbərliyinin fəaliyyətində prioritet istiqamətlərdən və daim nəzarətdə saxlanılan məsələlərdəndir. Daxili işlər naziri onu da vurğulayıb ki, ictimai asayişin qorunmasında vətəndaşların iştirakı könüllülük, qanunçuluq, insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsinin üstünlüyü, insanların şərəf və ləyaqətinə hörmət, müvafiq dövlət orqanları ilə qarşılıqlı əməkdaşlıq və polis orqanlarının səlahiyyətlərinin əvəzlənməsinin yolverilməzliyi prinsiplərinə əsaslanır.