Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Qəbələ rayonunda kənd təsərrüfatı işlərinin gedişi və aqrar sektorun inkişaf perspektivlərinə həsr olunan müşavirə keçirilmişdir.

27 may 2016 | 02:00

Azərbaycan Prezidenti İlham Əliyevin tövsiyə və tapşırıqlarına müvafiq olaraq, rayonlarda kənd təsərrüfatı işlərinin gedişinin, fermerlərin, torpaq mülkiyyətçilərinin təklif və istəklərinin, həmçinin aqrar sektorun inkişaf perspektivlərinin öyrənilməsi və operativ tədbirlərin görülməsi məqsədilə yaradılan işçi qrupunun üzvləri mayın 26-da Qəbələ rayonunda olublar.
İşçi qrupunun rəhbəri, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının aqrar siyasət məsələləri şöbəsinin müdiri Azər Əmiraslanov, qrupun üzvləri və rayon rəhbərliyi əvvəlcə Qəbələ Konserv zavodu, Qəbələ Şərab emalı zavodu və üzüm plantasiyası, Qəbələ Qida Şəhərciyində yarımfabrikat dondurulmuş kartof və kartof-cipsi istehsalı, baramaçılıq və tütünçülüklə məşğul olan kəndli fermer təsərrüfatlarına, taxıl və kartof əkini sahələrinə baxış keçirmiş, fermerlərlə görüşərək təsərrüfat işlərinin gedişi ilə maraqlanıblar.
Sonra Qəbələ rayon icra hakimiyyətində fermerlərin, aqrar sahədə çalışan sahibkarların, mütəxəssislərin, müvafiq idarə və təşkilat rəhbərlərinin, təsərrüfat sahiblərinin, bələdiyyə sədrlərinin iştirakı ilə müşavirə keçirilmişdir.
Müşavirədə çıxış edən Qəbələ Rayon İcra Hakimiyyətinin Başçısı Səbuhi Abdullayev rayonda iqtisadiyyatın aparıcı sahəsi olan kənd təsərrüfatı işlərinin gedişi və bu sahədə mövcud vəziyyətlə bağlı məlumat verib, aqrar sektorun inkişaf perspektivlərindən söz açmışdır.
Daha sonar Azərbaycan Respublikası Prezidenti Administrasiyasının aqrar siyasət məsələləri şöbəsinin müdiri Azər Əmiraslanov çıxış edərək ölkə başçısı İlham Əliyevin rəhbərliyi ilə respublikamızda aparılan islahatlardan, qeyri-neft sektorunun, o cümlədən kənd təsərrüfatının inkişafı istiqamətində görülən tədbirlərdən danışıb, aqrar sektorun perspektivləri barədə geniş məlumat verib. Şöbə müdiri Azər Əmiraslanov dövlət başçısının rayonlarda yerli istehsalın artırılması, əhalinin məşğulluğunun yüksəldilməsi ilə bağlı tapşırıqlarını diqqətə çatdıraraq Qəbələdə ixrac tutumlu sahələrin, o cümlədən üzümçülük, kartofçuluq, baramaçılıq və heyvandarlığın inkişafının vacibliyini vurğulayıb. O, qeyd edib rayonda kənd təsərrüfatının uzunmüddətli inkişafı üçün istehsal və emalla yanaşı loqistika bazasının olması da vacibdir.
Natiq bu gün Qəbələdə aqrar sənaye kompleksinin inkişafını gördüyünü bildirib. Hazırda rayonda kənd təsərrüfatı sənayeləşir, böyük emal müəssisələri fəaliyyət göstərir, ixrac potensialının artırılması üçün işlər görülür və uğurlu nəticələr əldə edilir. Kənd təsərrüfatında gəlirli sahələr inkişaf etdirilir, yeni iş yerləri açılır, əhalinin məşğulluğu təmin edilir. Bu gün Qəbələdə kənd təsərrüfatının ənənəvi sahələri ilə yanaşı, kartofçuluq da sürətlə inkişaf etdirilir ki, bu da başqa rayonlar üçün bir nümunədir. Əvvəllər Qəbələ tütünçülük sahəsində böyük nəticələr əldə edən rayon kimi tanınıb. 1986-cı ildə Qəbələ rayonunda 2040 hektar sahədə tütün yetişdirilib və 7923 ton məhsul əldə edilib. Bildirilib ki,  sonuncu dəfə 2006-cı ildə Qəbələdə cəmi 22 hektar sahədə tütün əkini aparılıb və 56 ton məhsul istehsal edilib. 2007-ci ildən bəri rayonda tütün istehsalı olmayıb və bu ənənəvi sahədə fermerlərin böyük təcrübəsi olduğu üçün bu il ilk dəfə rayonda 50 hektar sahədə tutun əkilib. Ötən əsrin 90-cı illərinin əvvəllərində Qəbələdə 169 ton barama istehsal edilib. Rayonda tütünçülük və baramaçılıqla məşğul olan ailə təsərrüfatları olub və hazırda onlar fəaliyyətlərini yenidən bərpa edirlər.
Azər Əmiraslanov çıxışında Prezident İlham Əliyevin tövsiyə və tapşırıqları ilə ölkəmizdə iqtisadiyyatın bütün sahələrinin, əsasən də aqrar sektorun hərəkətə gətirildiyini bildirib. Azər Əmiraslanov kənd təsərrüfatı işlərində dövlətin, fermerlərin və emal müəssisələrinin birgə əməkdaşlığının zəruri olduğunu söyləyib və müşavirə iştirakçılarını açıq müzakirələrə dəvət edib. Diskussiya şəraitində davam edən müşavirənin sonunda fermer və sahibkarları maraqlandıran məsələlərə aydınlıq gətirilib, onların təklifləri dinlənilib. Kənd təsərrüfatı məhsulları istehsalçılarına aşağı faizlə kreditlərin verilməsi, rayonda istehsal olunan kənd təsərrüfatı məhsullarının tədarükü və saxlanması üçün müasir anbar binalarının tikilməsi, bəzi kəndlərdə suvarma suyu probleminin aradan qaldırılması və digər məsələlərlə bağlı təkliflər səsləndirilib.
Müşavirədə kənd təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbov, iqtisadiyyat və sənaye nazirinin müavini Sahib Məmmədov, “Meliorasiya və Su Təsərrüfatı” ASC-nın sədr müavini Zakir Quliyev də iştirak edərək mövzu ilə bağlı müzakirələrə qoşulub, fermerlərin və sahibkarların suallarını cavablandırıblar. Müşavirəni Qəbələ Rayon İcra Hakimiyyətinin Başçısı cənab Səbuhi Abdullayev yekunlaşdırıb.

Foto qalereya

Keçidlər