28 May – Respublika Gününə həsr edilmiş “Bilik” yarışı keçirilmişdir.
Gənclər və İdman idarəsinin təşkilatçılığı, rayon Təhsil şöbəsinin iştirakı ilə Qəbələ şəhər 1 saylı tam orta məktəbin akt zalında “28 May –Respublika Günü”nə həsr edilmiş Qəbələ şəhər tam orta məktəbləri arasında “Bilik” yarışının final mərhələsi keçirilmişdir. Yarışın əsasnaməsinə uyğun olaraq “Bilik” yarışında tam orta məktəblərinin IX sinif şagirdləri komanda şəklində iştirak etmişdir. Bilik yarışı Azərbaycan dili - Ədəbiyyat, Tarix, Riyaziyyat-həndəsə, Coğrafiya, Fizika, Biologiya, Kimya fənləri üzrə keçirilmişdir. Münsiflər heyəti tərəfindən suallar hazırlanaraq yazılı şəkildə komandalara təqdim edilmiş və komandanın üzvlərindən biri yazılı şəkildə sualı cavablandırmışdır. Qaliblərin mükafatlanma mərasimində Gənclər və İdman idarəsinin baş məsləhətçisi rəisi Fəxri Soltanov, Təhsil şöbəsinin metodisti, münsiflər heyətinin sədri Aslan Şirazov çıxış edərək 28 May Respublika günü münasibətilə iştirakçıları təbrik etmişlər. Natiqlər eyni zamanda yarışın keçirilməsində məqsədin yetişməkdə olan gənc nəsli dövlətçilik, Azərbaycan xalqının tarixinə, dövlət rəmzlərinə hörmət ruhunda tərbiyə etmək və eyni zamanda şagirdlər arasında intellektual səviyyəni yüksəltmək, onların bilik və bacarıqlarını artırmaqdan ibarət olduğunu bildirdilər. Toplanmış xalların nəticəsinə görə rayonun Həmzəli kənd tam orta məktəbin komandası I yerə, Qəbələ şəhər 2 saylı tam orta məktəbin komandası II yerə və şəhər 3 saylı tam orta məktəbin komandası III yerə layiq görülmüşlər. Soltannuxa kənd tam orta məktəbin komandası isə fəal iştirakına görə fərqlənmişdir. Yarışın yekununda qalib gəlmiş (I, II, III yerləri tutmuş) və fərqlənmiş komandalara diplom və xatirə hədiyyələri təqdim olunmuşdur.