“Qanunsuz miqrasiya hallarının aradan qaldırılması” mövzusunda maarifləndirici tədbir keçirilmişdir.
Qəbələ rayon icra hakimiyyətinin və Dövlət Miqrasiya Xidmətinin Şəki regional miqrasiya idarəsinin birgə təşkilatçılığı ilə RİH-nin akt zalında vətəndaşsızlığın aradan qaldırılması, əcnəbi işçi qüvvəsindən istifadə qaydaları, qanunsuz miqrasiyaya qarşı mübarizə ilə bağlı regionda yaşayan əcnəbi və vətəndaşlığı olmayan şəxslərin, o cümlədən ictimaiyyətin, aidiyyəti dövlət qurumlarının, ictimai təşkilatların, işəgötürənlərin, sahibkarların, təhsil işçilərinin nümayəndələrinin iştirakı ilə maarifləndirmə tədbiri keçirilib. Tədbiri açıq elan edən rayon icra hakimiyyəti başçısının birinci müavini Abil Ağasəfov regional miqrasiya idarəsinin əməkdaşlarını toplantı iştirakçılara təqdim etmiş, tədbirin mahiyyəti barədə ətraflı məlumat vermişdir. Daha sonra söz Şəki regional miqrasiya idarəsinin rəisi İlqar Mehdiyevə verilmişdir.
Natiq qeyd etmişdir ki, miqrasiya prosesi qloballaşan dünyanın ayrılmaz hissəsidir. Ölkəmizin geostrateji mövqeyi, respublikamızdakı sabitlik, tolerantlıq, iqtisadi inkişafı Azərbaycanı əcnəbilər üçün cəlbedici edib. Azərbaycan son illər miqrasiya baxımından mənşə ölkəsindən tranzit və təyinat ölkəsinə çevrilib. Bildirilmişdir ki, Dövlət Miqrasiya Xidmətinin Prezident İlham Əliyevin diqqət və qayğısı ilə əhatə olunub. Bunun nümunəsi kimi regional miqrasiya idarələrində yüksək xidməti şərait yaradılmasına, mobil idarəetmə sisteminin formalaşmasına diqqət çəkilib. Xidmətə müraciət edənlərin məmnunluğunun təmin edilməsinin əsas prioritetlərdən olduğu vurğulanıb.
Diqqətə çatdırılıb ki, Dövlət Miqrasiya Xidməti yaradıldığı vaxtdan miqrasiya proseslərinin vahid və çevik prosedurlar əsasında tənzimlənməsi, bu sahədə çətinliklərin tamamilə aradan qaldırılması, sənədləşmənin sadələşdirilməsi, əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin rahatlığının təmin edilməsi, onların hüquqlarının müdafiəsi sahəsində səmərəliliyinin artırılması istiqamətində tədbirlər daha da genişləndirilib.
Tədbirdə regional miqrasiya idarəsinin əməkdaşları tərəfindən ölkəmizdə miqrasiya proseslərinin tənzimlənməsi, idarə olunması sahəsində “bir pəncərə” prinsipi üzrə vahid dövlət orqanının səlahiyyətlərini həyata keçirən Dövlət Miqrasiya Xidmətinin əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin olduğu yer üzrə qeydiyyatı, müvəqqəti olma, müvəqqəti və daimi yaşama, iş icazələrinin verilməsi və müddətlərinin uzadılması, vətəndaşlıq məsələləri, vətəndaşlıq mənsubiyyətinin müəyyənləşdirilməsi, qaçqın statusunun müəyyənləşdirilməsi və s. kimi məsələlərlə bağlı xidmətlər barədə geniş məlumat verilib. Toplantıda iştirakçıları maraqlandıran suallar regional miqrasiya idarəsinin işçiləri tərəfindən cavablandırılıb.
Sonda tədbir iştirakçıları adından rayon icra hakimiyyəti başçısının birinci müavini Abil Ağasəfov Şəki regional miqrasiya idarəsinin rəhbərliyinə maarifləndirmə tədbirinin keçirilməsinə və izahedici söhbətlərə görə minnətdarlığını ifadə etmişdir.