"Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramının icrası vəziyyəti və qarşıda duran vəzifələr” mövzusunda tədbir keçirilib.
Qəbələ Rayon Mədəniyyət Mərkəzində Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 27 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nın icrası, təbliği və tətbiqi vəziyyətinin öyrənilməsi, həmçinin qarşıda duran vəzifələrlə bağlı Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (Ombudsman) Elmira Süleymanovanın iştirakı ilə tədbir keçirilib. Tədbirdə rayon icra hakimiyyətinin, ərazi icra nümayəndəliklərinin, məhkəmə, polis, prokurorluq orqanlarının, dairə seçki komissiyası və bələdiyyələrin, yerli qeyri-hökumət təşkilatlarının, kütləvi informasiya vasitələrinin nümayəndələri, fəal gənclər, ağsaqqallar, ziyalılar, ictimaiyyət nümayəndələri iştirak edib.
Tədbiri Qəbələ Rayon İcra Hakimiyyətinin Başçısı cənab Səbuhi Abdullayev açaraq bildirdi ki, insan hüquq və azadlıqlarının səmərəli müdafiəsi dövlət siyasətinin ən başlıca xəttini təşkil edir. Qəbələ rayonunda dövlət orqanları tərəfindən Milli Fəaliyyət Proqramından irəli gələn vəzifələrlə əlaqədar vətəndaş hüquq və azadlıqlarının qorunması istiqamətində ardıcıl tədbirlər həyata keçirilib. Vətəndaşların müraciət etmək imkanlarının genişləndirilməsi məqsədi ilə rayon icra hakimiyyətinin saytında (qebele-ih.gov.az) elektron müraciət linki yaradılıb, mail@qebele-ih.gov.az elektron poçt ünvanı vasitəsilə vətəndaşların müraciətləri qəbul edilir və araşdırılaraq cavablandırılır. Müntəzəm olaraq Qəbələ rayon icra hakimiyyətində və yerlərdə əhalinin qəbulları keçirilir. Onların müraciətlərinin həll olunması üçün operativ tədbirlər görülür.
Tədbirdə İnsan hüquqları üzrə müvəkkil (Ombudsman) Elmira Süleymanova çıxış edərək bildirib ki, Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq əsas vəzifələrdən biridir. Bu məqsədlə yuxarda qeyd olunan dövlət proqramı uğurla həyata keçirilir. Natiq eyni zamanda bu işin daha da yaxşılaşdırılmasının vacibliyini vurğuladı.
Müzakirələrdə rayon polis şöbəsinin rəisi Nadir Məmmədov, rayon prokuroru Məqsəd Orucov, rayon məhkəməsinin hakimi Feyruz Abbasov, Çuxur Qəbələ Bələdiyyəsinin sədri Arzu İsrafilova və digərləri çıxış edərək insan hüquqlarının müdafiəsi sahəsində həyata keçirilən tədbirlər barədə yığıncaq iştirakçılarına məlumat verdilər və bu işi daha da yaxşılaşdırmaq üçün təkliflərini və mülahizələrini söylədirlər.
Tədbirin sonunda Elmira Süleymanova bir daha tədbir iştirakçılarına insan hüquqları ilə əlaqədar Milli Fəaliyyət Proqramının bundan sonra da ardıcıl olaraq həyata keçirilməsinin vacibliyini çatdırdı və tədbiri bağlı elan etdi. Rayon icra hakimiyyətinin başçısı cənab Səbuhi Abdullayev bu vacib tədbirin Qəbələ rayonunda keçirildiyi üçün Ombudsman Elmira xanım Süleymanovaya öz təşəkkürünü bildirdi.