Qəbələ Mədəniyyət Mərkəzində Cəfər Cabbarlı adına “Azərbaycanfilm” Kinostudiyasının istehsal etdiyi filmlərin nümayişinə başlanılıb.
Filmlərin nümayiş olunmasında əsas məqsəd bölgəyə gələn turistlərin asudə vaxtlarının səmərəli təşkili və yeni çəkilmiş Azərbaycan filmlərinin təbliğ olunmasıdır. Layihə çərçivəsində “Dərs” və “Vəkil hanı?” bədii filmləri nümayiş olunur. Məktəb həyatından, yeniyetmə məktəbli uşaqların qarşılıqlı münasibətlərindən, dostluğa və həyata baxışlarından, onların dünyagörüşünün formalaşmasından bəhs edən “Dərs” bədii filmi 2015-ci ildə tamaşaçıların ixtiyarına verilib. Filmin ssenari müəllifləri Elza Ağayeva və Anastasiya Volkova, quruluşçu rejissorları Rafiq Əliyev və Cavid Təvəkkül, quruluşçu operatoru Rauf Qurbanəliyevdir. Filmdə Tamerlan Ağayev, Aliyə Əliyeva, Rəşid Əliyev, Ayna Zərbəliyeva və başqa Bakı məktəbliləri çəkiliblər. Nümayiş olunan digər film isə rejissor Ülviyyə Könülün “Vəkil hanı?” bədii filmidir. Filmdə həmkarının xahişi ilə cavan vəkil onu əvəz etmək məqsədilə məhkəmə iclasına yollanır. Lakin məhkəmə salonlarını səhv salaraq başqa bir məhkəməyə gəlib çıxır və oradakı müttəhimi ağır təhqir edir. Çox keçmir ki, vəkili təqib etməyə, ölümlə hədələməyə başlayırlar. Vəkil qadın paltarı geyinib quldurlardan yayınmağa məcbur olur. Filmin ssenari müəllifləri Elza Ağayeva və Ramiz Fətəliyevdir. Operatoru Rafiq Quliyev, rəssamı Rafiq Nəsirov, bəstəkarı Rəşad Haşımovdur. Rollarda Bəhruz Vaqifoğlu, Toğrul Rza, Səidə Quliyeva, Qorxmaz Əlilicanzadə, Kamilə Babayeva, Bəhram Bağırzadə, Naina İbrahimova və başqaları çəkiliblər. Filmlərin nümayişi iyulun 5-dək davam edəcək.