Qəbələdə MDB ölkələrinin bədən tərbiyəsi və idman sahəsində əməkdaşlığı çərçivəsində şuranın növbəti toplantısı keçirilib.
Qəbələ şəhərində MDB iştirakçısı olan dövlətlərin bədən tərbiyəsi və idman sahəsində əməkdaşlığı haqqında Saziş iştirakçılarının bədən tərbiyə və idman üzrə Şurasının növbəti iclası keçirilib.
Qəbələ şəhərindəki "Qafqaz Sport" hotelində təşkil edilən toplantıda Azərbaycan, Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistanın bədən tərbiyəsi və idman nazirliklərinin yüksək vəzifəli şəxsləri, qəbələ rayon icra hakimiyyətinin başçısı cənab Səbuhi Abdullayev iştirak ediblər. MDB-nin yaranmasının 25 illiyi münasibəti ilə keçirilən Şuranın iclasında bu quruma üzv olan ölkələrdə bədən tərbiyəsi və idman sahəsində ümumi siyasətin işlənilməsi, bədən tərbiyəsi və idman sahəsində tədbirlər planının hazırlanması, 2020-ci ilə qədər olan dövr ərzində bədən tərbiyəsi və idman üzrə Milli Strategiyanın həyata keçirilməsi, eyni zamanda 2018-2020-ci illər üçün tədbirlər Planı layihəsinin hazırlanması məsələləri müzakirə edilib.
Toplantını Azərbaycan Respublikasının Gənclər və Idman Naziri Azad Rəhimov açaraq iştirakçıları salamlayıb, qonaqlara Azərbaycanda idmanın bu günü, onun inkişafı yolunda görülən işlərə dair dövlət dəstəyi, idmançılarımızın beynəlxalq idman yarışldarındakı uğurları barədə ətraflı məlumat verib. Nazir bildirib ki, keçmiş SSRİ respublikaları arasında idman sahəsində əməkdaşlığın uğurla davam etdirilməsi, bu ölkələrdə idmanın inkişafı sahəsində əldə olunan nailiyyətlərin təbliği, qabaqcıl təcrübədən qarşılıqlı şəkildə faydalanmaq, yüksək səviyyəli idmançıların inkişafında bir-birinə dəstək olmaq, idmanın kütləviliyinin artırılması və bu yolla insanların həyat keyfiyyətinin yüksəlməsi, onlara normal həyat tərzinin aşılanması məqsədilə 2010-cu ilin mayında Minskdə imzalanmış Saziş əsasında keçirilən bu iclasın əhəmiyyətini yüksək qiymətləndirib. Azad Rəhimov iclasda MDB ölkələrinin birgə maraq dairəsində olan məsələlərin müzakirə edildiyini və beynəlxalq yarışlarda idmançıların üzləşdikləri müxtəlif problemlərin aradan qaldırılmasının diqqətdə saxlanıldığını qeyd edib. İclasda dopinqə qarşı birgə mübarizə, kütləvi idman tədbirləri zamanı tribunalarda azarkeşlər arasında zorakılıq hallarının aradan qaldırılması, futbol yarışları zamanı əvvəlcədən sövdələşdirilən oyunların keçirilməməsi üçün tədbirlərin görülməsi və beynəlxalq idman qanunlarına zidd hərəkətlərin qarşısının alınması məsələləri müzakirə edilib.
Sonra Azərbaycanın gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov, Rusiya idman nazirinin müavini Pavel Kolobkov, Qazaxıstan İdman və Mədəniyyət Komitəsinin sədri Elsiyar Kanaqatov, Qırğızıstan Hökuməti yanında İdman və Bədən Tərbiyəsi üzrə Dövlət Agentliyinin baş mütəxəssisi Çolponbek Samudinov, MDB-nin İcraiyyə Komitəsinin mədəniyyət, idman və turizm departamentləri, hümanitar mübadilələr və sosial problemlər şöbəsinin məsləhətçisi Natalya Timçuk, Belarus, Türkmənistan və Tacikistanın ölkəmizdəki səfirliklərinin nümayəndələri çıxış edərək təmsil etdikləri ölkələrdə bədən tərbiyə və idmanın inkişafı istiqamətində görülən işlər, əldə edilən uğurlar barədə məlumat veriblər, birgə əməkdaşlığın inkişaf etdirilməsinin əhəmiyyətindən danışıblar.