Qəbələdə gömrük əməkdaşlığı çərçivəsində beynəlxalq tələbə konfransı işə başlayıb.
İyunun 29-da Qəbələ şəhərində “Gənclərin dialoqu – Beynəlxalq gömrük əməkdaşlığının genişləndirilməsi yolu ilə potensialın artırılması” mövzusunda Beynəlxalq tələbə konfransı işə başlayıb.
Konfrans iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin Qəbələ şəhərindəki abidəsi önünə əklil qoyaraq, xatirəsini ehtiramla yad ediblər.
“Qafqaz Resort” hotelində keçirilən konfransın açılış mərasimində Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev, Beynəlxalq Gömrük Universitetləri Şəbəkəsi (İNCU) katibliyinin rəhbəri, Charles Sturt Universitetinin Gömrük və Aksiz Araşdırmaları Mərkəzinin baş müəllimi Mixail Kaşubski və Beynəlxalq Gömrük Universitetləri Şəbəkəsinin Gömrük işinin modernləşdirilməsi üzrə məsləhətçisi Hendrikus van Zandvijk çıxış edib. Aydın Əliyev bildirib ki, Dövlət Gömrük Komitəsi gömrük sahəsində əməkdaşlığın gücləndirilməsi, modernləşdirilmə və kadrların peşəkarlıq səviyyəsinin artırılması məsələlərinə xüsusi diqqətlə yanaşır və bugünkü konfrans da sözügedən istiqamətdə nailiyyətlərin əldə edilməsinə öz töhfəsini verəcək. Belə ki, hər bir sahədə uğurlu fəaliyyət kadrların peşəkar səviyyəsindən asılı olub. Həmçinin gömrük xidmətində uğurlu kadr seçimi, əməkdaşların peşəkarlığının yüksəldilməsi hər zaman öz aktuallığı ilə diqqət çəkir.
DGK sədri xatırladıb ki, müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyev 1997-ci ildə Azərbaycan gömrük orqanlarının yaradılmasının 5 illiyi münasibətilə keçirilən tədbirdəki çıxışında da gömrük xidmətinin inkişafı üçün beş əsas şərtdən birinin kadr hazırlığından ibarət olduğunu bildirib. Hələ 1996-cı ildə yaradılan Dövlət Gömrük Komitəsinin Tədris Mərkəzi ölkədə bu sahədə ilk tədris müəssisəsi olmaqla, kadrların təlim və tərbiyəsində müstəsna rol oynayıb. Hazırda isə Tədris Mərkəzinin bazasında, Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamına əsasən təsis edilən Dövlət Gömrük Komitəsinin Akademiyası fəaliyyət göstərir.
Beynəlxalq Gömrük Universitetləri Şəbəkəsi (İNCU) katibliyinin rəhbəri, Charles Sturt Universitetinin Gömrük və Aksiz Araşdırmaları Mərkəzinin baş müəllimi Mixail Kaşubski çıxış edərək Qəbələdə keçirilən tələbə konfransının əhəmiyyətini yüksək qiymətləndirib. Mixail Kaşubski bu konfransın müxtəlif ali məktəblərin müəllim və tələbələrinin, elm adamlarının, gömrük mütəxəssislərinin birgə təcrübə mübadiləsi, qarşılıqlı əlaqələrin qurulması baxımından böyük rol oynadığını qeyd edib.
Konfransda dünyanın 20 ölkəsinin - Avstriya, Belarus, Belçika, Bolqarıstan, Çin, Makedoniya, Gürcüstan, Almaniya, Macarıstan, Litva, Niderland, Polşa, Rusiya, Seneqal, İsveç, Türkiyə, Ukrayna, ABŞ, Özbəkistan, Vyetnamin mötəbər universitetlərində gömrük ixtisası üzrə təhsil alan tələbələr, gömrük sahəsində ixtisaslaşan elm adamları, eləcə də məşhur gömrük mütəxəssisləri Vaslav Çijoviç, Zlatko Veterovski iştirak edirlər. İyunun 29-dan iyulun 1-dək davam edəcək konfrans çərçivəsində “Beynəlxalq ticarət”, “Gömrük potensialının gücləndirilməsi”, “Gömrük risklərinin təhlili və idarəedilməsi”, “Ticarətin asanlaşdırılması üçün elektron gömrük xidmətləri” adlı 4 sessiya keçiriləcək və müxtəlif ölkələrin elm ocaqlarını təmsil edən elm adamları və tələbələr tərəfindən 50-dək məruzə dinləniləcək.