Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Multikulturalizm Azərbaycanda həyat tərzi kimi: milli və dini dəyərlər” adlı növbəti beynəlxalq multikulturalizm yay məktəbi Qəbələdə öz işini davam etdirib.

20 iyul 2016 | 16:00

Prezident İlham Əliyevin tövsiyəsi ilə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi və Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun birgə təşkilatçılığı ilə keçirilən “Multikulturalizm Azərbaycanda həyat tərzi kimi: milli və dini dəyərlər” adlı növbəti beynəlxalq multikulturalizm yay məktəbi iyulun 19-da Qəbələdə öz işini davam etdirib.
Bakı Slavyan Universitetinin “Azərbaycan multikulturalizmi” kafedrasının müdiri Ülviyyə Abbasovanın moderatorluğu və xarici ölkələrdə “Azərbaycan multikulturalizmi” fənnini tədris edən İrina Kunina, Roza Şəfiyeva və Maya Cəfərquliyevanın iştirakı ilə “Azərbaycançılıq və etnik rəngarənglik” mövzusunda “dəyirmi masa” təşkil olunub.
Ülviyyə Abbasova Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilər Şurasının sədri, akademik Kamal Abdullayevin ideya və dərs proqramının müəllifi olduğu “Azərbaycan multikulturalizmi” fənninin xarici və ölkədaxili universitetlərdə tədrisi layihəsinin əhəmiyyətindən söz açıb və bu layihə vasitəsilə beynəlxalq ictimaiyyətin ölkəmizin multietnik və çoxkonfessiyalı durumu haqqında bilgi əldə etmək imkanı olduğunu vurğulayıb: “Bu fənn hazırda ölkəmizin 28, dünyanın 13 nüfuzlu universitetində tədris edilir. Fənnin tədrisində məqsəd Azərbaycanı dünyaya başqa rakursdan təqdim etmək, xalqımızın tolerantlıq ənənələrini, multikultural dəyərlərini beynəlxalq ictimaiyyətə tanıtmaqdır. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi Prezident İlham Əliyevin Azərbaycan multikulturalizmini dünyada tanıtmaq istiqamətində müəyyənləşdirdiyi hədəflərin gerçəkləşməsinə öz layiqli töhfələrini verir. Bu layihə çərçivəsində gələcəkdə Azərbaycan multikulturalizmi fənninin tədris olunduğu xarici ölkə universitetlərinin sayının daha da artacağına inanırıq”.
“Dəyirmi masa”da Türkiyə, İndoneziya, Çin, Bolqarıstan, Rusiya, Gürcüstan, Litva və Almaniyadan olan tələbələr Azərbaycan multikulturalizmi, ölkəmizdə əsrlərdir yanaşı yaşayan etnik qruplar, azsaylı xalqlarla bağlı fikir və düşüncələrini bölüşüblər.
Yay məktəbinin iştirakçıları tədris vaxtından sonra Nic qəsəbəsinə yola düşüblər. Tələbələr yerli əhali ilə-udilərlə görüşüblər. Yay məktəbinin iştirakçıları yerli udi gənclərinin müşayiəti ilə qəsəbəni gəziblər. Tələbələrə Nic qəsəbəsinin, buradakı Alban kilsəsinin və udi xalqının tarixi ilə bağlı ətraflı məlumat verilib. Bildirilib ki, 2005-ci ildən Nic kəndinə qəsəbə statusu verilib. Nicdə ilk udi məktəbi 1854-cü ildə açılıb, qəsəbədə Udi Mədəniyyət mərkəzi fəaliyyət göstərir. Qəsəbə ərazisində Alban kilsəsi və digər qədim tarixi abidələr var. İbtidai sinif şagirdləri üçün udi dili də tədris olunur.
Sonra tələbələr qəsəbədəki “Cotari” Alban kilsəsini ziyarət ediblər.
Yerli udi gəncləri ilə səmimi çay süfrəsi və Udi Folklor Ansamblının təqdimatında konsert proqramı tələbələrdə xoş təəssürat yaradıb. Əcnəbi tələbələr “Yallı” sədaları altında rəqs ediblər.

Keçidlər