Qəbələdə “Alban Apostol kilsəsinin keçmişi və bu günü” mövzusunda beynəlxalq konfrans keçirilib.
iyulun 20-də Qəbələ şəhərində Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş “2016-cı ilin Azərbaycan Respublikasında “Multikulturalizm ili” elan edilməsinə dair Tədbirlər Planı”na əsasən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Müəllif Hüquqları Agentliyi və Azərbaycan Respublikasının Alban-Udi Xristian Dini İcmasının birgə təşkilatçılığı çərçivəsində qədim Qafqaz Albaniyası ilə bağlı “Alban Apostol kilsəsinin keçmişi və bu günü” mövzusunda beynəlxalq konfrans keçirilib.
Tədbir iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri düzüblər.
Konfransda Norveç, Türkiyə və Rusiyadan görkəmli albanşünas mütəxəssislər, tarixçilər, ziyalılar, Qəbələdə keçirilən “Multikulturalizm Azərbaycanda həyat tərzi kimi: milli və dini dəyərlər” adlı II Beynəlxalq Multikulturalizm Yay Məktəbinin 16 ölkədən 75 nəfər iştirakçısı, o cümlədən 20 İyul - “Beynəlxalq Udi Mədəniyyəti Günü” münasibətilə dünyanın müxtəlif ölkələrindən özlərinin tarixi vətənləri olan Azərbaycana toplaşan udilər iştirak ediblər.
Açılış mərasimində Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri Kamal Abdullayev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, AMEA-nın vitse-prezidenti, Milli Məclisin elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli, Müəllif Hüquqları Agentliyinin sədri Kamran İmanov, Suriya avtokefal kilsəsi Deir-al-Zafaran monastırının mitropoliti Salib Özmen, Alban-Udi Xristian Dini İcmasının sədri Robert Mobili çıxış edib.
Çıxışlarda Azərbaycanda “Multikulturalizm ili”ndə görülən işlər və nəzərdə tutulan tədbirlər barədə danışılıb. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə tolerantlığın yüksək səviyyədə təmin olunduğu bildirilib, Azərbaycanda yaşayan azsaylı xalqlara, eləcə də İslam və digər dinlərə etiqad edənlərə yaradılan şəraitdən danışılıb. Qeyd olunub ki, yaradılan şərait nəticəsində ölkəmizdə millətlərarası münasibətlər yüksək səviyyədə qurulub, dinlərarası ünsiyyət təmin edilib, Azərbaycan tolerant ölkə kimi bütün dünyaya nümunəyə çevrilib. Konfransda Azərbaycan Müəllif Hüquqları Agentliyinin sədri Kamran İmanov “Qafqaz Albaniyası və tarixi-coğrafi aspektdə genetik təhlil”, Norveçin Oslo Dövlət Universitetinin professoru, tarix elmləri doktoru Byorn Veqqe “Yerusəlimdən Kişə”, Alban-Udi Xristian Dini İcmasının sədri, Bakı Dövlət Universitetinin baş elmi işçisi Robert Mobili “Alban apostol avtokefal kilsəsinin varisi kimi Azərbaycanın Alban-Udi Xristian İcması” mövzusunda məruzə edib.
Sonra konfrans işini plenar iclaslarla davam etdirib. Yerli və xarici albanşünas mütəxəssislər, tarixçilər, ziyalılar və ictimaiyyət nümayəndələri mövzu üzrə məruzələr edib, müzakirələr aparıblar.
Tədbirdə Qəbələ əhalisinin zəngin etnik tərkibindən söz açılıb. Qeyd olunub ki, rayon əhalisinin 78,9 faizini azərbaycanlılar, 17,1 faizini ləzgilər, 3,7 faizini udilər, 0,1 faizini türklər və 0,2 faizini digər millətlər təşkil edir. Burada milli mənsubiyyətindən asılı olmayaraq heç kimə fərq qoyulmur, hamı vahid ailə kimi yaşayır. Ümumtəhsil məktəblərinin ibtidai siniflərində ləzgilər və udilər üçün ana dillərində dərslər tədris olunur. Qəbələ şəhərinin 2, Nic qəsəbəsinin 3 məktəbində tədris rus dilində aparılır. Rayonda olan 43 məscid və 1 kilsədə qeydiyyata alınmış 22 İslam, 1 xristian dini icması mövcuddur və burada hər bir vətəndaşa dini inancını və ayinləri icra etmək üçün lazımi şərait yaradılıb. Bu gün udilərin kompakt şəkildə yaşadığı yeganə məkan, onların tarixi Vətəni olan Qəbələ rayonunun Nic qəsəbəsidir. Burada udilərin tarixi qorunub saxlanılır və araşdırılır. Onların dil, din, özünəməxsus mədəniyyət və adət-ənənələri inkişaf etdirilir, udi xalqının qədim məbəd və kilsələri, tarixi abidələri bərpa olunur, qorunur.
Sonra Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri Kamal Abdullayev və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı “Multikulturalizm Azərbaycanda həyat tərzi kimi: milli və dini dəyərlər” adlı II Beynəlxalq Multikulturalizm Yay Məktəbinin iştirakçıları ilə görüşüblər. Konfrans iştirakçıları Nic qəsəbəsinə səfər edərək, Müqəddəs Yelisey Alban kilsəsi ilə də tanış olublar.