Baş Prokurorluğun rəhbərliyi tərəfindən Qəbələdə müşavirə keçirilmişdir.
İyul ayının 19-da Qəbələ Rayon Prokurorluğunun inzibati binasında Baş Prokurorluğun kollegiya üzvü, Azərbaycan Respublikası Baş Prokurorunun müavini, II dərəcəli dövlət ədliyyə müşaviri Namiq Əsgərovun sədrliyi ilə geniş əməliyyat müşavirəsi keçirilmişdir. Müşavirədə Mingəçevir şəhəri, Yevlax, Ağdaş, Ucar, Zaqatala, Balakən, Oğuz, Qax, Qəbələ, Şəki rayon prokurorluqlarının əməliyyat işçiləri iştirak etmişlər. Tədbirdən əvvəl iştirakçılar və Qəbələ Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Abil Ağasəfov xalqımızın ümummilli lideri Heydər Əliyevin Qəbələ şəhərinin mərkəzi parkında ucaldılmış abidəsini ziyarət etmiş, önünə tər qərənfillər düzmüşlər. Əməliyyat müşavirəsində 2016-cı ilin birinci yarımilində rayon prokurorluqları tərəfindən cinayətkarlığa qarşı mübarizə, qanunçuluq və hüquq qaydasının möhkəmləndirilməsi, vətəndaşların hüquq və azadlıqlarının qorunması sahəsində görülmüş işlərin vəziyyəti müzakirə edilmiş və bu sahədə prokurorluq orqanlarının fəaliyyətinin səmərəliliyinin artırılması üçün tapşırıqlar verilmişdir.