İsrail dövlətinin Azərbaycandakı səfiri Dan Stavin Qəbələ rayonuna səfər edib.
İsrail dövlətinin Azərbaycan Respublikasındakı səfiri Dan Stavinin rəhbərlik etdiyi nümayəndə heyəti tanışlıq məqsədi ilə 28 iyul 2016-cı il tarixdə Qəbələ rayonuna səfər etmişdir. Qəbələ Rayon İcra Hakimiyyətinin inzibati binasında RİH başçısı Səbuhi Abdullayevlə nümayəndə heyətinin görüşü keçirilmişdir. Görüş zamanı nümayəndə heyatinə rayonun tarixi, sosial-iqtisadi inkişaf proqramı çərçivəsində həyata keçirilən müxtəlif layihələr və rayonda yaradılan müasir turizm infrastrukturu haqqında ətraflı məlumat verilib. Bölgənin tarixi, mədəni abidələri haqqında verilən informasiyalar nümayəndə heyətində xoş təəssürat yaradıb. İsrail dövlətinin Azərbaycan Respublikasındakı səfiri Dan Stavin öz növbəsində qonaqpərvərliyə görə təşəkkürünü bildirərək paytaxt Bakı ilə yanaşı rayonlarda da sürətli inkişaf mərhələsinin şahidi olduğunu diqqətə çatdırdı. Səfər çərçivəsində nümayəndə heyəti Qəbələ Tarix Bədii Qoruğu, Qəbələ Arxeoloji Mərkəzi, “Gilan” Qida Şəhərciyi, “Aqro Kompleks” Qəbələ MMC, Aspi-Aqro MMC üzüm emalı zavodu, Nic kəndindəki Cotari kilsəsi ilə tanış olmuşdur. Bölgənin füsunkar təbiəti, turizm infrastrukturu ilə yaxından tanış olan nümayəndə heyəti Qəbələ rayonundan xoş təəssüratlarla ayrılmışdır.